Maddə 814. Əqdin üçüncü şəxs tərəfindən icrası üçün komisyonçunun məsuliyyəti
814.1. Komisyonçu komitentin hesabına əqd bağladığı üçüncü şəxsin öhdəliklərinin icrası üçün məsuliyyət daşıyır, bu şərtlə ki, o belə məsuliyyət götürmüş olsun. məsuliyyət üçüncü şəxslə bağlanmış əqddən onun üçün irəli gələn bütün öhdəliklərə şamil edilir.
814.2. Bu halda komisyonçuya əlavə muzd verilməlidir. Müqavilədə ayrı şərt qoyulmadıqda əlavə muzdun miqdarı bank zaminliyi üçün adi muzd üzrə müəyyənləşdirilir.
Maddə 815. Komisyon muzdu
815.1. Komisyonçu komitentin hesabına bağlanmış əqdin üçüncü şəxs tərəfindən icra edildiyi halda və ya komitentin cavabdeh olduğu səbəblərdən əqdin icra edilmədiyi halda komisyon muzdu tələb edə bilər.
815.2. Komisyon muzdunun miqdarı komissiya müqaviləsi ilə, belə qeyd-şərt olmadıqda isə, əgər komisyon əqdləri komisyonçunun müəssisəsinin fəaliyyət predmetinə aiddirsə, yerli işgüzar adətlər əsasında müəyyənləşdirilir.
815.3. Bundan başqa, komisyonçu komissiya müqaviləsinin yerinə yetirilməsi gedişində çəkdiyi və bütün halları nəzərə almaqla zəruri saydığı xərclərin əvəzinin ödənilməsini tələb edə bilər. Komisyonçunun və ya onun işçi heyətinin adi işlərin yerinə yetirilməsi xərclərinin və müqaviləyə uyğun və ya komisyon muzdunun hesabına ödənilən digər xərclərin əvəzi ödənilmir.
Dostları ilə paylaş: |