Maddə 894. Qrup halında sığorta
894.1. Qrup halında sığorta zamanı bir sığorta müqaviləsi ilə bir neçə sığorta predmeti sığortalanır.
894.2. Qrup halında sığorta həm şəxsi, həm də əmlak sığortası üzrə aparıla bilər.
894.3. Şəxsi sığortaya aid olan qrup halında sığorta zamanı sığortalı sığorta olunanın kimliyi göstərilən sığorta müqaviləsində sığorta olunan şəxslərin hər birini sığorta müqaviləsinin onlara aid olan bütün şərtləri ilə tanış etməlidir. Bu halda sığorta olunanların sığorta müqaviləsi ilə müvafiq şəkildə tanış edilməsini təsdiq edən sənəd (siyahı və s.) sığorta şəhadətnaməsinin ayrılmaz tərkib hissəsidir. Qrup halında sığorta zamanı şəxsi sığorta müqaviləsində sığorta olunanın kimliyi göstərildikdə və ya əmlak sığortası müqaviləsində sığortalanan əmlak fərdi şəkildə qeyd olunduqda, tərəflər arasında razılaşmaya əsasən müvafiq olaraq sığorta olunan şəxslərin hər birinə, yaxud hər bir sığortalanan əmlaka görə sığorta şəhadətnaməsi verilə bilər.
894.4. Qrup halında sığorta zamanı sığorta olunanın kimliyi göstərilməyən şəxsi sığorta müqaviləsində və ya sığortalanan əmlak fərdi şəkildə qeyd olunmayan əmlak sığortası müqaviləsində sığorta olunan şəxslərin və ya əmlak sığortası müqaviləsində sığortalanan əmlakın dairəsi o dərəcədə konkretləşdirilməlidir ki, sığorta hadisəsini, onun nəticələrini və sığorta predmeti üzrə verilməli olan sığorta ödənişinin miqdarını müvafiq olaraq hər bir sığorta olunana və ya sığortalanan əmlaka münasibətdə fərdiləşdirmək mümkün olsun.
Dostları ilə paylaş: |