Maddə 85. Kommandit ortaqlığına maya qoyanın hüquq və vəzifələri
85.1. Kommandit ortaqlığına maya qoyan şərikli kapitala maya qoymağa borcludur. Mayanın qoyulması maya qoyana ortaqlıq tərəfindən verilən iştirak şəhadətnaməsi ilə təsdiqlənir.
85.2. Kommandit ortaqlığına maya qoyanın aşağıdakı hüquqları vardır:
85.2.1. ortaqlığın mənfəətinin onun şərikli kapitaldakı payına düşən hissəsini nizamnamədə nəzərdə tutulan qaydada almaq;
85.2.2. ortaqlığın illik hesabatları və balansları ilə tanış olmaq;
85.2.3. maliyyə ili qurtardıqda ortaqlıqdan çıxmaq və nizamnamədə nəzərdə tutulan qaydada öz mayasını almaq;
85.2.4. şərikli kapitaldakı payını və ya onun hissəsini digər maya qoyana və ya üçüncü şəxsə vermək.
85.3. Maya qoyanlar bu Məcəllənin 93.3-cü maddəsində nəzərdə tutulan şərtlərə və qaydaya tətbiqən payı (onun hissəsini) satın almaqda üçüncü şəxslər qarşısında üstünlük hüququna malikdirlər. Maya qoyanın bütün payını başqa şəxsə verməsi onun ortaqlıqda iştirakına xitam verir.
85.4. Kommandit ortaqlığının nizamnaməsində maya qoyanların başqa hüquqları da nəzərdə tutula bilər.
Dostları ilə paylaş: |