Maddə 938. Sığorta və ya təkrarsığorta müqavilələrinin sığorta vasitəçiliyi ilə bağlanması
938.1. Sığorta müqaviləsi sığorta agenti vasitəsilə bağlandıqda sığorta agenti müqaviləni həmin sığortaçının adından yalnız onun yazılı qaydada verdiyi səlahiyyət əsasında imzalaya bilər.
938.2. Sığorta (təkrarsığorta) müqaviləsi sığorta brokeri vasitəsilə bağlandıqda müqavilə sığortaçı və sığortalı tərəfindən və ya sığortalının (təkrarsığortalının) yazılı qaydada verdiyi səlahiyyət əsasında sığorta brokeri tərəfindən imzalana bilər.
938.3. Sığorta (təkrarsığorta) müqaviləsi sığorta vasitəçiliyi ilə bağlandıqda həmin müqavilədə müvafiq olaraq sığorta agentinin və ya sığorta brokerinin adı, (fiziki şəxsdirsə, həmçinin soyadı) və ünvanı göstərilməlidir.
938.4. Bu Məcəllənin 911.2-ci maddəsinə uyğun olaraq bildirilmiş hallarla bağlı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan hər hansı dəyişiklik barədə məlumatlandırılmış sığorta vasitəçisi həmin məlumatı aldığı tarixdən 1 gün müddətində sığortaçıya çatdırmalıdır.
Dostları ilə paylaş: |