§ 4. İnkasso üzrə hesablaşmalar
Maddə 984. İnkasso üzrə hesablaşmalar haqqında ümumi müddəalar
984.1. İnkasso üzrə hesablaşmalar zamanı bank (emitent bank) müştərinin tapşırığı ilə ödəyicidən ödənişin və (və ya) ödəniş akseptinin alınması əməliyyatlarını müştərinin hesabına həyata keçirməyi öhdəsinə götürür.
984.2. Müştərinin tapşırığını almış emitent bank tapşırığın icrası üçün başqa bankı (icraçı bankı) cəlb edə bilər. İnkasso üzrə hesablaşmaların həyata keçirilməsi qaydası qanunla, qanuna əsasən müəyyənləşdirilmiş bank qaydaları və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə tənzimlənir.
984.3. Müştərinin tapşırığının icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda emitent bank onun qarşısında bu Məcəllənin 23-cü fəslində nəzərdə tutulmuş əsaslar üzrə və miqdarda məsuliyyət daşıyır.
984.4. Əgər müştərinin tapşırığının icra edilməməsi və ya lazımınca icra edilməməsi hesablaşma əməliyyatlarının həyata keçirilməsi qaydalarının icraçı bank tərəfindən pozulması ilə əlaqədar baş vermişdirsə, müştəri qarşısında məsuliyyət həmin bankın üzərinə qoyula bilər.
984.5. İnkasso üzrə hesablaşmalarla əlaqədar olan, bu Məcəllə ilə tənzimlənməyən münasibətlər bank qanunvericiliyi ilə tənzimlənir.
Dostları ilə paylaş: |