Maddə 986-8. Çek sahibinin xeyrinə ehtimal. Çekin itirilməsi
986-8.1. Çek sahibinin xeyrinə ehtimala bu Məcəllənin 1019.1-ci maddəsi tətbiq edilir.
986-8.2. Çek sahibi çeki itirdikdə, əlində çek olan şəxs, onun adsız çek və ya indossament vasitəsilə verilən çek olmasına baxmayaraq, çeki yalnız o halda qaytarmağa borcludur ki, onu vicdansız yolla əldə etmiş olsun və ya əldə edərkən kobud ehtiyatsızlıq etmiş olsun.
Maddə 986-9. Çek zaminliyi (aval)
Çek məbləğinin ödənişinə avalçı tərəfindən aval (çek zaminliyi) vasitəsilə tamamilə və ya qismən qarantiya verilə bilər. Ödənişə belə qarantiyanı, ödəyici bank istisna olmaqla, hər hansı üçüncü şəxs və ya artıq çekdə imzası olan şəxs verə bilər.
Maddə 986-10. Çekin ödənişə təqdim olunması
986-10.1. Çek təqdim olunduqda ödənilməlidir. Hər cür başqa göstəriş etibarsız sayılır.
986-10.2. Tərtib edildiyi ölkədə ödənilməli olan çek bir ay müddətində ödənişə təqdim olunmalıdır. Verildiyi ölkədə deyil, başqa ölkədə ödənilməli olan çek, verilmə yeri ilə ödəniş yeri eyni qitədədirsə, iki ay müddətində, müxtəlif qitələrdədirsə, üç ay müddətində ödənişə təqdim edilməlidir. Həm də Müstəqil Dövlətlər Birliyinin üzvü olan bir dövlətin ərazisində verilən və Müstəqil Dövlətlər Birliyinin üzvü olan digər dövlətin ərazisində ödənilməli olan çeklər eyni qitədə verilən və ödənilməli olan çeklər sayılır. Yuxarıda göstərilən müddətlərin axımı çekdə onun verilmə günü kimi göstərilən gündən başlanır.
986-10.3. Əgər çek onun verildiyi yerin təqvimindən fərqlənən başqa təqvimin qüvvədə olduğu yerdə ödənilməlidirsə, ödəniş yerinin təqviminə əsasən verilmə gününə uyğun tarix və bundan asılı olaraq ödəniş müddəti müəyyənləşdirilir.
Dostları ilə paylaş: |