Maddə 1043. Vekselin bir neçə nüsxəsinin verilməsi
1043.1. Köçürmə vekseli bir neçə eyni nüsxədə verilə bilər. Bu nüsxələrə vekselin özündə ardıcıl nömrələr qoyulmalıdır; əks halda onların hər biri ayrıca köçürmə vekseli sayılır. Əgər vekseldə onun yeganə nüsxədə verildiyi göstərilməyibsə, veksel saxlayan öz hesabına onun bir neçə nüsxəsinin verilməsini tələb edə bilər. Bu məqsədlə o bilavasitə özündən əvvəlki indossanta müraciət etməlidir. Həmin indossant ona öz indossantı və əvvəlki indossantlar, o cümlədən veksel verən barəsində kömək göstərməlidir. İndossantlar öz indossamentlərini yeni nüsxələrdə təkrar etməyə borcludurlar.
1043.2. Bir nüsxə üzrə ödənişin həyata keçirilməsi bütün qalan nüsxələrdən irəli gələn hüquqları, hətta bir nüsxə üzrə ödənişin həyata keçirilməsi nəticəsində bütün qalan nüsxələrin qüvvədən düşdüyü qeyd edilməsə belə, ləğv edir. Lakin ödəyici özünün aksept etdiyi və ona qaytarılmamış hər bir nüsxə üzrə məsuliyyət daşımaqda davam edir. Nüsxəni müxtəlif şəxslərə vermiş indossant, habelə sonrakı indossantlar özlərinin imza etdikləri və qaytarılmamış bütün nüsxələr üzrə məsuliyyət daşıyırlar.
1043.3. Nüsxələrdən birini aksept üçün göndərən həmin nüsxənin kimdə olduğunu başqa nüsxələrdə göstərməlidir. Həmin nüsxənin olduğu şəxs onu digər nüsxəni qanuni saxlayana verməyə borcludur. Əgər o bunu etməkdən imtina edərsə, veksel saxlayan özünün iddia hüququnu yalnız aşağıdakılar protestlə təsdiqləndikdən sonra həyata keçirə bilər:
1043.3.1. aksept üçün göndərilmiş nüsxə onun tələbinə baxmayaraq ona verilməmişdir;
1043.3.2. aksept və ya ödəniş başqa nüsxə üzrə alına bilməzdi.
Dostları ilə paylaş: |