Maddə 1081. Açıq elanda nəzərdə tutulan mükafatın verilməsi
1081.1. Mükafat təyin edilmiş hərəkəti bir neçə şəxs yerinə yetirdikdə, mükafatı həmin hərəkəti birinci yerinə yetirmiş şəxs alır.
1081.2. Hərəkəti bir neçə şəxs eyni zamanda yerinə yetirdikdə, mükafat onların arasında bərabər bölünür.
1081.3. Mükafat təyin edilmiş nəticəyə nail olmaqda bir neçə şəxs iştirak etdikdə mükafatı təyin etmiş şəxs ayrılıqda onlardan hər birinin nəticəyə nail olmaqda iştirak payını nəzərə alaraq, mükafatı onların arasında ədalətli mülahizə əsasında bölür. Açıq-aşkar ədalətsiz bölgünün məcburi qüvvəsi yoxdur və iştirakçılardan birinin ərizəsinə əsasən məhkəmənin qərarı ilə dəyişdirilə bilər. İştirakçılardan biri bölgünün məcburi qüvvəsini qəbul etmədikdə, mükafatı təyin etmiş şəxsin, bütün iştirakçılar kimin nəyə ixtiyarı çatdığı barədə aralarındakı mübahisəni həll edib qurtarmayınca, mükafatı verməkdən imtina etmək hüququ vardır. İştirakçıların hər biri mükafatın hamı üçün depozitə qoyulmasını tələb edə bilər.
1081.4. Bu Məcəllənin 1081.2 və 1081.3-cü maddələrində nəzərdə tutulan hallarda mükafat öz xarakterinə görə bölünmədikdə və ya elana əsasən bir şəxs üçün nəzərdə tutulduqda, püşkatma yolu ilə verilir.
Dostları ilə paylaş: |