Maddə 1122. Ailə başçısının öldüyü halda dəymiş zərərin əvəzinin ödənilməsi miqdarı
1122.1. Ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir.
1122.2. Zərərin əvəzinin ödənilməsi miqdarı müəyyənləşdirilərkən ailə başçısının ölümü ilə əlaqədar şəxslərə təyin edilmiº pensiyalar və həm ailə başçısı ölməzdən əvvəl, həm də öldükdən sonra təyin edilmiş digər növ pensiyalar, habelə həmin şəxslərin götürdükləri qazanc (gəlir) və aldıqları təqaüd onlara zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir.
1122.3. Ailə başçısının ölümü ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan hər kəsə təyin edilmiş əvəz miqdarı, aşağıdakı hallar istisna olmaqla, sonralar yenidən hesablanmamalıdır:
1122.3.1. ailə başçısı öldükdən sonra uşaq doğulması;
1122.3.2. ölmüş ailə başçısının uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan şəxslərə əvəz ödənişi təyin edilməsi və ya əvəz ödənilməsinə xitam verilməsi.
1122.4. Əvəz miqdarı qanunla və ya müqavilə ilə artırıla bilər.
Dostları ilə paylaş: |