Maddə 1129. Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət daşıyan şəxslər
1129.1. Malın qüsurları nəticəsində vurulmuş zərərin əvəzini zərərçəkənin seçimi üzrə məhsulun satıcısı və ya istehsalçısı ödəməlidir.
1129.2. İşin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir.
1129.3. Mal (iş, xidmət) haqqında tam və ya düzgün informasiya verilməməsi nəticəsində vurulmuş zərərin əvəzini bu Məcəllənin 1129.1 və 1129.2-ci maddələrində göstərilmiş şəxslər ödəməlidirlər.
1129.4. Keyfiyyətsiz məhsulun nəticəsində vurulmuş zərəri məhsulun satıcısı ödədiyi halda bu Məcəllənin 1114.2-ci maddəsinin müddəaları tətbiq edilir.
Maddə 1130. Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi müddətləri
1130.1. Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulan zərərin əvəzi, əgər zərər malın (işin, xidmətin) müəyyənləşdirilmiş yararlıq müddəti ərzində əmələ gəlmişdirsə, ödənilməli, yararlıq müddətinin müəyyənləşdirilmədiyi halda isə malın (işin, xidmətin) istehsal edildiyi gündən on il ərzində əmələ gəlmişdirsə, ödənilməlidir.
1130.2. Çıxarılmışdır.
Maddə 1131. Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyətdən azad edilmə əsasları
Malın satıcısı və ya istehsalçısı, işin və ya xidmətin icraçısı zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya istehlakçının maldan, işin, xidmətin nəticələrindən istifadə və onları saxlama qaydalarını pozması nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
Dostları ilə paylaş: |