Maddə 1150. Xaricdə mirasın açılması
Azərbaycan Respublikasında yaşamış Azərbaycan Respublikası vətəndaşı xarici dövlətdə mirası həmin dövlətin qanunvericiliyinə uyğun alır.
Maddə 1151. Miras əmlak
1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
Maddə 1152. Gələcək əmlakın vəsiyyət edilməsi
Miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun.
Maddə 1153. Şəxsi xarakterli hüquq və vəzifələrin vərəsəlik üzrə verilməsinin yolverilməzliyi
Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir.
Dostları ilə paylaş: |