Maddə 1165. Vərəsələri olmayan əmlakın xəzinəyə keçməsi
1165.1. Əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan əmlak dövlətə keçir; əgər miras qoyan şəxs qocalar, əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün müəssisələrin, müalicə, tərbiyə və sosial təminat müəssisələrinin təminatında olmuşdursa, onların mülkiyyətinə keçir.
1165.2. Çıxarılmışdır.
64 – cü fəsil.
Vəsiyyət üzrə vərəsəlik
Maddə 1166. Vəsiyyət anlayışı
Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.
Maddə 1167. Vəsiyyət edə bilən şəxs
Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər.
Dostları ilə paylaş: |