Maddə 1280. Mirasın bölüşdürülməsinin dayandırılması
Miras şərikləri razılığa gələ bilərlər ki, mirasın bölüşdürülməsi müəyyən müddətə dayandırılsın.
Maddə 1281. Bölünməz əmlaka paylı mülkiyyət
Əgər mirası qəbul edən bütün vərəsələrin razılaşması ilə ayrı qayda müəyyənləşdirməyibsə, bölünməsi təsərrüfat təyinatının itirilməsinə və ya zəifləməsinə səbəb olacaq əmlak bölüşdürülmür və vərəsələrin paylarına uyğun onların ümumi mülkiyyəti olur.
Maddə 1282. Kənd təsərrüfatı təyinatlı torpağın vərəsələr arasında bölüşdürülməsi
1282.1. Əgər kəndli təsərrüfatının yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi vəsiyyətnamə ilə onu bir neçə vərəsəyə qoymuşdursa və ya vəsiyyətnamə qoyulmamışdırsa və qanun üzrə bir neçə vərəsə vardırsa, kənd təsərrüfatı təyinatlı torpaq orada yerləşən kəndli təsərrüfatı ilə birlikdə vərəsələr arasında bölüşdürülə bilər, bu şərtlə ki, bölgü nəticəsində vərəsələrdən hər birinə keçən torpaq sahəsi həyat qabiliyyətli təsərrüfatın mövcudluğunu təmin etsin.
1282.2. Bölgüyə yalnız vərəsələrin özlərinin təsərrüfatla məşğul olmağa hazırlaşdıqları halda yol verilir. Əgər vərəsələrdən heç biri təsərrüfatla məşğul olmaq istəməzsə, onların razılaşması üzrə torpaq orada yerləşən təsərrüfatla birlikdə satıla bilər və vərəsələr öz paylarını pul şəklində ala bilərlər.
Maddə 1283. Kənd təsərrüfatı təyinatlı torpağın bölüşdürülməsinin yolverilməzliyi
Əgər kənd təsərrüfatı təyinatlı torpağın bölüşdürülməsi mümkün deyildirsə, torpaq kəndli təsərrüfatında yaşayan və miras qoyanla birlikdə təsərrüfatı aparmış vərəsəyə, belə vərəsə olmadıqda isə təsərrüfat aparmağa iqtidarı və arzusu olan şəxsə verilməlidir.
Dostları ilə paylaş: |