Maddə 194. Tələbin güzəşti
194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür.
194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.
194.3. Kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblərin, o cümlədən alimentlər haqqında və həyata və ya sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsi haqqında tələblərin güzəşt edilməsinə yol verilmir.
194.4. Sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir.
194.5. Adlı sənədli qiymətli kağız, habelə daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı ilə bağlı tələbin güzəşti həmin qiymətli kağızlar üzrə indossament yolu ilə həyata keçirilir.
Dostları ilə paylaş: |