Maddə 277. Ümumi mülkiyyətdə olan əşyanın girov qoyulması
277.1. Ümumi birgə mülkiyyətdə olan əşya yalnız bütün mülkiyyətçilərin yazılı razılığı olduqda girov qoyula bilər.
277.2. Ümumi paylı mülkiyyətin mülkiyyətçilərindən hər hansı biri ümumi əşyaya hüquqdakı payını digər mülkiyyətçilərin razılığı olmadan girov qoya bilər. Girov saxlayanın tələbi ilə həmin paya tutma yönəldildikdə və o satıldıqda bu Məcəllənin satın almaqda üstünlük hüququ haqqında qaydaları tətbiq edilir.
Maddə 278. Girov hüququnun şamil edildiyi əşya
Girov saxlayanın girov predmeti olan əşyaya girov hüququ, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun ləvazimatına, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan digər əmlaka da şamil edilir.
Maddə 279. Girovla təmin edilən tələb
Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.
Dostları ilə paylaş: |