Maddə 503. Borclulardan birinin öhdəliyi tam icra etməsinin nəticələri
Borclulardan birinin öhdəliyi tam icra etməsi qalan borcluları icradan azad edir. Borclunun kreditor qarşısında həyata keçirdiyi əvəzləşdirmə barəsində də eyni qayda qüvvədə olur.
Maddə 504. Digər birgə borclu ilə bağlı faktlardan istifadənin yolverilməzliyi
Əgər öhdəlik münasibətlərinin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, birgə borclulardan biri ilə bağlı faktlardan yalnız həmin şəxs barəsində istifadə edilə bilər.
Maddə 505. Birgə borclulardan biri barəsində iddia
Birgə borclulardan biri barəsində iddia verilməsi kreditoru qalan borclular barəsində də iddia vermək hüququndan məhrum etmir.
Maddə 506. İcranın qəbulunun ləngidilməsinin nəticələri
506.1. Kreditorun birgə borclulardan birindən icranın qəbulunu ləngitməsinin nəticələri qalan birgə borclular barəsində də qüvvədədir.
506.2. Birgə borclulardan birinin icra müddətlərinə riayət etməməsinin nəticələrindən qalan birgə borclular barəsində istifadə oluna bilməz.
Maddə 507. Birgə borcluların vərəsələrinin hüquqları
Əgər birgə borclulardan birinin bir neçə vərəsəsi vardırsa, onlardan hər biri tələbi öz miras payına mütənasib surətdə icra etməyə borcludur. Əgər tələb bölünməzdirsə, bu qayda tətbiq edilmir.
Maddə 508. Kreditorun tələbinin birgə borclulardan birinin borcu ilə birləşdirməsi
Əgər kreditorun tələbi birgə borclulardan birinin borcu ilə birləşdirilirsə, qalan borclular barəsində öhdəliyə həmin borclunun payına düşən miqdarda xitam verilir.
Maddə 509. Borclulardan biri öhdəliyi tam icra etdikdə reqres qaydasında tələb hüququ
509.1. Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir.
509.2. Əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar.
509.3. Kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir.
Maddə 510. Birgə borclunun ödəniş qabiliyyəti olmamasının nəticələri
Əgər borclulardan birinin ödəniş qabiliyyəti olmazsa, ona düşən pay ödəniş qabiliyyətli bütün digər borclular arasında mütənasib surətdə bölüşdürülür.
Maddə 511. Birgə borclunun kompensasiyası
Əgər birgə borclu birgə öhdəlikdən fayda götürmüşsə, belə fayda götürməmiş birgə borclu öz öhdəliyinin icrası üçün ondan təminat tələb edə bilər.
Maddə 512. Müddətin keçməsinin nəticələri
Birgə borclulardan biri barəsində müddətin axımının dayandırılmasının və ya xitamının digər borclular barəsində qüvvəsi yoxdur.
26-cı fəsil.
Öhdəliklərin verilməsi
Dostları ilə paylaş: |