Maddə 722. İcarəyə götürülmüş torpağın qaytarılması
722.1. Müqavilə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü torpağı təyinatı üzrə lazımi istifadədən sonra qaytarılma məqamında uyğun gəlməli olduğu vəziyyətdə qaytarmağa borcludur. İcarəçinin icarəyə verənə qarşı tələbləri əsasında torpaq sahəsini saxlamaq hüququ yoxdur. Əgər icarəçi icarəyə götürdüyü torpağı hər hansı üçüncü şəxsin istifadəsinə vermişsə, torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəyə verən torpağın qaytarılmasını həmin üçüncü şəxsdən də tələb edə bilər.
722.2. Əgər torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə icarənin hər hansı ili ərzində xitam verilirsə, icarəyə verən hələ yaranmamış, lakin təsərrüfatın lazımınca aparılması qaydalarına görə icarə ilinin sonunadək əldə edilə bilən bəhərlərin dəyərini icarəçiyə ödəməlidir. Bu zaman məhsulla bağlı risk ağlabatan şəkildə nəzərə alınmalıdır. Əgər bəhərlərin dəyərini müəyyənləşdirmək mövsüm səbəblərinə görə mümkün deyildirsə, icarəyə verən icarəçinin bu bəhərlər üzrə xərclərinin əvəzini təsərrüfatın lazımınca aparılması qaydalarına uyğun gələn dərəcədə ödəməlidir. Bu qayda qırılmaq üçün nəzərdə tutulan, lakin hələ qırılmamış ağaclara da tətbiq edilir. Əgər icarəçi lazımi istifadə qaydalarının yol verdiyindən artıq ağac qırmışsa, artıq qırdığı ağacların dəyərini icarəyə verənə ödəməlidir. Digər zərərin əvəzinin ödənilməsinə dair pretenziya verilməsi istisna edilmir.
722.3. hüquq münasibətlərinə xitam verildikdən sonra qalan kənd təsərrüfatı məhsullarından icarəçi növbəti məhsuladək təsərrüfatçılığın davam etdirilməsi üçün zəruri olan miqdarda məhsulu, hətta o, həmin hüquq münasibətlərinə girərkən belə məhsulu qəbul etmiş olmasa da, verməlidir. Əgər bununla əlaqədar olaraq icarəçi icarəlik torpaq verilərkən aldığı məhsula nisbətən daha çox miqdarda və ya daha yaxşı keyfiyyətli məhsulu verməlidirsə, icarəyə verəndən dəyəri ödəməyi tələb edə bilər.
722.4. Əgər müqavilə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü torpağı qaytarmırsa, icarəyə verən saxlama müddəti üçün icarə haqqı verilməsini kompensasiya kimi tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə pretenziyalar verilməsi istisna edilmir.
Dostları ilə paylaş: |