Maddə 70. Tam ortaqlığın nizamnaməsi
Tam ortaqlığın nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilən məlumatlardan əlavə, ortaqlığın şərikli kapitalının miqdarı və tərkibi haqqında; hər bir iştirakçının şərikli kapitaldakı payının miqdarı və dəyişdirilməsi qaydası haqqında; onların mayalarının tərkibi və maya qoyması qaydası haqqında; maya qoyulması üzrə vəzifələrin pozulmasına görə iştirakçıların məsuliyyəti haqqında şərtlər göstərilməlidir.
Maddə 71. Tam ortaqlıqda idarəetmə
71.1. Tam ortaqlığın fəaliyyəti bütün iştirakçıların ümumi razılığı ilə idarə edilir. Tam ortaqlığın nizamnaməsində qərarın iştirakçıların səs çoxluğu ilə qəbul olunduğu hallar nəzərdə tutula bilər.
71.2. Əgər nizamnamədə tam ortaqlıq iştirakçılarının səslərinin sayını müəyyənləşdirməyin başqa qaydası nəzərdə tutulmayıbsa, tam ortaqlığın hər iştirakçısının bir səsi vardır.
71.3. Ortaqlığın hər bir iştirakçısı ortaqlığın işlərini aparmağa vəkil edilib-edilmədiyindən asılı olmayaraq işlərin aparılmasına dair bütün sənədlərlə tanış ola bilər. Bu hüquqdan imtina və ya onun məhdudlaşdırılması, o cümlədən ortaqlıq iştirakçılarının razılaşması üzrə imtina və ya məhdudlaşdırma əhəmiyyətsizdir.
Dostları ilə paylaş: |