Maddə 72. Tam ortaqlığın işlərinin aparılması
72.1. Əgər tam ortaqlığın nizamnaməsində onun bütün iştirakçılarının işləri birlikdə aparması və ya işlərin aparılmasının ayrı-ayrı iştirakçılara tapşırılması müəyyənləşdirilməyibsə, tam ortaqlığın hər bir iştirakçısı ortaqlıq adından fəaliyyət göstərə bilər.
72.2. Ortaqlığın iştirakçıları onun işlərini birlikdə apararkən hər bir əqdin bağlanması üçün ortaqlığın bütün iştirakçılarının razılığı tələb edilir.
72.3. Əgər ortaqlığın iştirakçıları onun işlərinin aparılmasını iştirakçıların birinə və ya bəzilərinə tapşırarlarsa, qalan iştirakçılar ortaqlıq adından əqdlər bağlamaq üçün ortaqlığın işlərinin aparılmasının tapşırıldığı iştirakçıdan (iştirakçılardan) etibarnamə almalıdırlar.
72.4. Üçüncü şəxslərlə münasibətlərdə ortaqlıq onun iştirakçılarının səlahiyyətlərini məhdudlaşdıran nizamnamə müddəalarına istinad edə bilməz, amma əqdin bağlandığı vaxt ortaqlıq iştirakçısının ortaqlıq adından fəaliyyət göstərmək hüququ olmadığını üçüncü şəxsin bildiyini və ya bilməli olduğunu ortaqlığın sübuta yetirdiyi hallar istisna təşkil edir.
72.5. Ortaqlığın işlərinin aparılması üzrə bir və ya bir neçə iştirakçıya verilmiş səlahiyyətlərə məhkəmə ciddi əsaslar olduqda, o cümlədən vəkil edilmiş şəxs (şəxslər) öz vəzifələrini kobudcasına pozduqda və ya onun işləri ağılla aparmağa qadir olmadığı aşkara çıxdıqda ortaqlığın bir və ya bir neçə digər iştirakçısının tələbi ilə xitam verə bilər. Məhkəmə qərarına əsasən ortaqlığın nizamnaməsində müvafiq dəyişikliklər edilir.
Dostları ilə paylaş: |