Maddə 790. Ticarət agentinin vəzifələri
790.1. Ticarət agentinin ümumi vəzifələri bu Məcəllənin 778-ci maddəsindən irəli gəlir.
790.2. Ticarət agentinin aşağıdakı vəzifələri vardır:
790.2.1. vasitəçilik qaydasında tapşıran üçün əqdləri bağlamağa çalışmaq və ya əqdləri bağlamaq, habelə tapşıranın müştərilərinin sayının optimal surətdə artmasına çalışmaq;
790.2.2. bütün sifarişlər və (və ya) bağlanmış müqavilələr barəsində tapşırana bildiriş vermək;
790.2.3. özündə olan hər bir zəruri informasiyanı tapşırana bildirmək;
790.2.4. tapşıranın əsaslı sərəncamlarını yerinə yetirmək;
790.2.5. tapşıranın məhsullarına və xidmətlərinə oxşar məhsulları və xidmətləri öz hesabına və ya başqa tapşıranın hesabına təklif etmək üçün tapşıranın qabaqcadan razılığını almaq.
790.3. Müqavilədə ticarət agentinin öhdəsinə başqa vəzifələr, o cümlədən aşağıdakı vəzifələr də qoyula bilər:
790.3.1. müəyyən mövzular üzrə müntəzəm hesabat vermək;
790.3.2. sifarişlər və ya müqavilələr üzrə minimum dövriyyəyə (kvotaya) nail olmaq;
790.3.3. zərurət olduqda və ayrıca muzd müqabilində tapşıran üçün malları saxlamaq və göndərmək, habelə onun borclularından məbləğləri tutmaq.
790.4. Ticarət agenti tapşıran barəsində müqavilələrin müştərilər tərəfindən icrasına yalnız aşağıdakı hallarda qarantiya verməlidir:
790.4.1. bu, yazılı formada qabaqcadan ifadə edildikdə;
790.4.2. qarantiya dəqiq müəyyənləşdirilmiş əqdə və ya müştəriləri qabaqcadan müəyyənləşdirilməklə bir neçə əqdə şamil edildikdə;
790.4.3. öz öhdəsinə qarantiya götürmək barəsində razılaşmada ayrıca muzd şərtləşdirildikdə və ticarət nümayəndəsinə bu muzdun ödənilməsi müddəti müştəri ilə həmin müqavilənin bağlanmasından dərhal sonra çatdıqda. Buna zidd olanlar barəsində razılaşmaların qüvvəsi yoxdur.
Dostları ilə paylaş: |