Maddə 802. Konsessiya haqqında birtipli müqavilə ilə alğı-satqı müqavilələri arasında qarşılıqlı əlaqə
802.1. Tapşıran ilə konsessioner arasında münasibətlər ümumi (birtipli) müqavilənin predmetidir. Birtipli müqavilədə bu Məcəllənin 800.1-ci maddəsindən irəli gələn müddəalardan əlavə, nəzərdə tutula bilər ki, konsessioner:
802.1.1. müəyyən ticarət-servis təşkilatına malik olmalıdır;
802.1.2. müvafiq işçi heyətinə malik olmalıdır;
802.1.3. satılmış malların təmiri işlərini yerinə yetirməlidir;
802.1.4. işçilərə təlim verilməsində və reklam tədbirlərində iştirak etməlidir;
802.1.5. həmişə anbarda müəyyən miqdarda mal saxlamalıdır;
802.1.6. hər il tapşırandan müəyyən həcmdə və ya müəyyən miqdarda mal (kvota) qəbul etməlidir.
802.2. Konsessionerə malların satılması barədə ayrıca müqavilələr birtipli müqavilədən asılı deyildir. Lakin birtipli müqavilədə bütün alğı-satqı müqavilələri üçün qüvvədə olan ümumi şərtlər, o cümlədən aşağıdakılar göstərilə bilər:
802.2.1. tapşıranın ümumi prays-vərəqindən konsessionerə verilən güzəşt;
802.2.2. ödənişlərin müddətləri;
802.2.3. tapşıranın qarantiyası barədə şərtlər.
802.3. Tapşıran birtipli müqavilə üzrə aşağıdakı hüquqları birtərəfli qaydada əldə edə bilməz:
802.3.1. konsessioner üçün satış qiymətləri təyin etmək;
802.3.2. mümkün şərtləşdirilmiş kvotaları dəyişdirmək.
Dostları ilə paylaş: |