§2. Anbarlarda saxlama
Maddə 827. Anbar sahibi
Anbar sahibi sənətkarlıq şəklində saxlama ilə məşğul olan və saxlama üzrə öz xidmətlərini açıq təklif edən saxlayıcıdır. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarında ayrı şərt qoyulmayıbsa, anbar sahibinin xidmətlərinə saxlama haqqında göstərişlər tətbiq edilir.
Maddə 828. Əmtəə kağızları
828.1. Anbar sahibi saxlamağa qəbul edilmiş mallar üçün əmtəə kağızları yazıb verə bilər. Əmtəə kağızı sahibinin həmin kağızda göstərilən əmtəəyə dair sərəncam vermək və bu əmtəəni almaq hüququnu təsbit edən (anbar şəhadətnaməsi, konosament və s.) sənəddir.
828.2. Əmtəə kağızları yük verənin və ya mal sahibinin adına yazıla bilər.
828.3. Əgər hər hansı mala əmtəə kağızı yazılmışdırsa, anbar sahibi həmin malı yalnız bu sənəddə göstərilmiş ixtiyarlı şəxsə verə bilər və verməlidir.
828.4. Əmtəə kağızlarında aşağıdakı məlumatlar göstərilməlidir:
828.4.1. sənədin tərtib edildiyi yer və tarix, sənədi vermiş şəxsin imzası;
828.4.2. sənədi vermiş şəxsin adı və yaşayış yeri və ya olduğu yer;
828.4.3. malları anbarda saxlayan şəxsin və ya göndərənin adı və yaşayış yeri və ya olduğu yer;
828.4.4. saxlanılan və ya saxlanmağa verilən malların keyfiyyəti, miqdarı və əlamətləri göstərilməklə adı;
828.4.5. tutulmalı olan və ya qabaqcadan ödənilmiş ödənişlər;
828.4.6. maraqlı şəxslərin mallarla rəftar barəsində qəbul etdikləri xüsusi sazişlər;
828.4.7. əmtəə kağızlarının nüsxələrinin sayı;
828.4.8. həmin sənəd üzrə ixtiyarlı şəxsin adının göstərilməsi və ya əmr barədə qeyd-şərt və ya təqdim edənin göstərilməsi.
828.5. Bir neçə əmtəə kağızından biri girovun müəyyənləşdirilməsi üçün nəzərdə tutulmuşsa, bu cür sənəd girov şəhadətnaməsi (varrant) adlandırılmalı və qalan məlumatlarına görə əmtəə kağızı şəklində olmalıdır. Digər nüsxələrdə girov şəhadətnaməsinin verildiyi qeyd edilməli, tələbin məbləği və ödəniş müddəti göstərilməklə hər bir girov qoyma əks etdirilməlidir.
828.6. Saxlanılan və ya yola salınmış mallar üçün şəhadətnamələr əmtəə kağızlarının forması haqqında qanuni göstərişlər pozulmaqla verildikdə bunlar əmtəə kağızları deyil, alınma haqqında qəbzlər və ya digər təsdiqləyici sənədlər sayılır.
828.7. Anbar sahiblərinin səlahiyyətli orqanlardan qanunla verilməli icazəni almadan verdikləri şəhadətnamələr forma barədə qanuni göstərişlərə uyğun gəlirsə, əmtəə kağızları sayılır.
828.8. Konosament mala dair sərəncam sənədindən ibarət əmtəə kağızı olub, onun sahibinin konosamentdə göstərilən yükə dair sərəncam vermək və daşıma başa çatdıqdan sonra yükü almaq hüququnu təsdiqləyir. Konosament adsız və ya adlı ola bilər.
828.9. Qoşa anbar şəhadətnaməsi anbar sahibi tərəfindən malın saxlanmağa qəbul olunmasını təsdiqləyən əmtəə kağızıdır. Qoşa anbar şəhadətnaməsi iki hissədən - anbar şəhadətnaməsindən və girov şəhadətnaməsindən (varrantdan) ibarətdir və bunlar ayrı-ayrılıqda əmtəə kağızlarıdır.
828.10. Adi anbar şəhadətnaməsi anbar sahibi tərəfindən malın saxlanmağa qəbul olunduğunu təsdiqləyən əmtəə kağızıdır.
Dostları ilə paylaş: |