Maddə 887. Şəxsi sığortanın obyekti
Şəxsi sığortanın obyektləri sığortalının və ya sığorta olunanın həyatı, sağlamlığı, əmək qabiliyyəti və pensiya təminatı ilə bağlı əmlak mənafeləridir. Şəxsi sığorta zamanı həm sığortalı özü, həm də müqavilədə göstərilən başqa şəxs (sığorta olunan) sığortalana bilər.
Maddə 888. Əmlak sığortasının obyekti
888.1. Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir.
888.2. Əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır.
888.3. Mülki məsuliyyətin sığortası zamanı üçüncü şəxslərin həyatına, sağlamlığına, yaxud əmlakına zərər vurulması nəticəsində yaranan öhdəliklərə görə (zərər vurmağa görə mülki məsuliyyətin sığortası), habelə mülki-hüquqi müqavilələrlə bağlı yaranan məsuliyyətə görə (müqavilə şərtlərini pozmağa görə mülki məsuliyyətin sığortası) risklər sığortalanır.
888.4. Qarışıq maliyyə risklərinin, kredit risklərinin, ticarət və investisiya risklərinin, tapşırıq və qarantiya risklərinin, məhkəmə xərclərinin, habelə bu Məcəllənin 888.1-ci maddəsində nəzərdə tutulmuş əmlak mənafeləri ilə bağlı digər risklərin sığortası da obyektinə görə əmlak sığortasına aid edilir.
Dostları ilə paylaş: |