Maddə 917. Həyat sığortası müqavilələrinə dair əlavə tələblər
917.1. Sığorta olunanın sığortaçının mənfəətində iştirak etməsi şərti ilə bağlanan həyat sığortası müqaviləsində mənfəətin bölüşdürülməsi qaydası göstərilməlidir.
917.2. Sığortalının həyat sığortası müqaviləsinin bağlanması zamanı özünün məlumat vermək vəzifəsini icra etməməsi müqavilənin bağlandığı vaxtdan 5 il müddət keçdikdən sonra sığortaçının müqavilə üzrə vəzifələrinin icrasından imtina etməsi üçün əsas ola bilməz. Bu halda sığortalı məlumat vermək vəzifəsini qəsdən icra etməmişdirsə, müqavilədən imtinaya yol verilir.
Maddə 918. Vahid sığorta müqaviləsi tərtib etməklə sığorta müqaviləsinin bağlanması
918.1. Sığortalı ilə sığortaçı arasındakı razılaşmaya görə davamlı olaraq eynicinsli əmlakın (malların, yüklərin və s.) müxtəlif hissələrinin oxşar şərtlərlə ayrı-ayrı dövrlər üzrə sığorta olunması vahid sığorta müqaviləsi tərtib edilməklə bir sığorta müqaviləsi əsasında həyata keçirilə bilər.
918.2. Sığortalı bu Məcəllənin 918.1-ci maddəsində göstərilən əmlakın hər bir hissəsi haqqında sığorta müqaviləsində razılaşdırılmış məlumatları vaxtında, belə məlumatların təqdim edilmə vaxtı müqavilədə nəzərdə tutulmadıqda isə həmin məlumatları əldə etdikdən dərhal sonra sığortaçıya çatdırmalıdır. Məlumatlar əldə edildiyi zaman zərərlərin əvəzinin sığortaçı tərəfindən ödənilməyəcəyi məlum olduqda belə, sığortalı bu maddədə nəzərdə tutulmuş vəzifənin yerinə yetirilməsindən azad edilmir.
918.3. Sığortalı tələb etdikdə sığortaçı bu Məcəllənin 918.1-ci maddəsində nəzərdə tutulan müqavilənin aid olduğu əmlakın ayrı-ayrı hissələri üzrə sığorta şəhadətnaməsi verməlidir.
Dostları ilə paylaş: |