Maddə 938–1. Sığorta vasitəçisinin sığorta müqaviləsinin bağlanmasından əvvəl sığortalıya açıqlamalı olduğu məlumatlar
938–1.0. Sığorta vasitəçiliyi ilə bağlanan hər bir sığorta müqaviləsinin bağlanmasından, yenilənməsindən və ya ona dəyişikliklər edilməsindən əvvəl sığorta vasitəçisi sığorta etdirən şəxsi ən azı aşağıdakı məlumatlarla təmin etməlidir:
938–1.0.1. özünün adı və yaşayış yeri (hüquqi şəxslər üçün – olduğu yer);
938–1.0.2. daxil edildiyi reyestr və həmin reyestrdən onun barəsində informasiya əldə etməyin üsulları;
938–1.0.3. sığorta müqaviləsinin tərəfi kimi təklif edilən sığortaçı ilə səhmdar, aidiyyəti şəxs və ya asılı cəmiyyət münasibətlərində olub-olmaması;
938–1.0.4. sığorta vasitəçilərindən şikayət vermək hüququ və proseduru, həmçinin şikayətin üsulları və təqdim etmə vasitələri;
938–1.0.5. sığorta vasitəçiliyini bir və ya bir neçə sığortaçı ilə bağladığı tapşırıq müqaviləsi üzrə öhdəlikləri əsasında (həmin sığortaçıların adı, ünvanı, sığorta bazarındakı mövqeyi barəsində obyektiv məlumat verməklə) və ya belə bir müqavilə olmadan həyata keçirməsi;
938–1.0.6. sığorta etdirənin tələbinə və ehtiyacına uyğun olan sığorta növləri əsasında verilən təminatlar.
Dostları ilə paylaş: |