Maddə 986-4. Çekin aksept edilməsinin istisna olunması
Ödəyici çeki aksept etməməlidir. Çekdə aksept barədə yazılan qeyd etibarsız sayılır.
Maddə 986-5. Çek üzrə ödənişi almağa ixtiyarlı şəxsin adı
986-5.1. Çek yazıla bilər:
986-5.1.1. müəyyən şəxsin adına;
986-5.1.2. təqdim edənə (adsız).
986-5.2. Çek “və ya təqdim edənə” qeyd-şərti ilə, yaxud bu cür məna ifadə edən qeyd-şərtlə müəyyən şəxsə verilərsə, adsız çek sayılır.
986-5.3. Sahibinin adı göstərilməyən çek adsız çek sayılır.
986-5.4. Çek, çek verənin özünə verilə bilər.
Maddə 986-6. Çekdə faizlər barədə yazılan qeyd-şərtin etibarsızlığı
Çekdə faizlər barədə yazılan qeyd-şərt etibarsız sayılır.
Maddə 986-7. Çekin başqasına verilməsi
986-7.1. Müəyyən şəxsə verilmiş və ödənişə təqdim olunmuş çek indossament vasitəsilə başqa şəxsə verilə bilər.
986-7.2. Çek indossament vasitəsilə həmçinin çek verənə və çek üzrə mükəlləfiyyətli hər hansı şəxsə verilə bilər. Öz növbəsində bu şəxslər də çeki indossament edə bilərlər.
986-7.3. Ödəyici bankın indossamenti etibarsızdır. Adsız indossament blanklı indossament sayılır. Bankın bir neçə şöbəsinin (filialının) olduğu və indossamentin çekin verildiyi şöbənin deyil, başqa şöbənin xeyrinə edildiyi hallar istisna olmaqla, bank üçün indossamentin yalnız ödəniş qəbzi qüvvəsi vardır.
986-7.4. Vekselin aksept edilməsinə dair müddəalar istisna olmaqla, bu Məcəllənin 993.3-cü, 993.4-cü, 1018-ci və 1020-ci maddələrinin müddəaları çeklərə də tətbiq edilir.
Dostları ilə paylaş: |