Maddə 986-14. Cızıqlı çek
986-14.1. Çek verən, habelə hər hansı çek sahibi bu Məcəllənin 986-14.2-986-14.6-cı maddələrində nəzərdə tutulan nəticələr ilə çeki cızıqlaya bilər. Cızıqlama çekin üz tərəfinə iki paralel xətt çəkməklə aparılır. Cızıqlama ümumi və ya xüsusi ola bilər. Xətlər arasında heç bir göstəriş və ya “bank” qeydi və ya eyni mənalı başqa qeyd yoxdursa, cızıqlama ümumi sayılır. Xətlər arasında bankın adı yazılmışsa, cızıqlama xüsusi sayılır. Ümumi cızıqlama xüsusiyə çevrilə bilər, lakin xüsusi cızıqlama ümumiyə çevrilə bilməz. Cızıqlamanın və ya göstərilmiş bankın adının qaralanması etibarsız sayılır.
986-14.2. Ödəyici ümumi cızıqlaması olan çeki yalnız banka və ya öz müştərisinə ödəyə bilər.
986-14.3. Xüsusi cızıqlaması olan çeki ödəyici yalnız göstərilmiş banka və ya əgər bu bankın özü ödəyicidirsə, həmin bankın müştərisinə ödəyə bilər. Göstərilən bank çeki qəbul etməyi digər banka tapşıra bilər.
986-14.4. Bank cızıqlı çeki yalnız öz müştərisindən və ya başqa bankdan qəbul edə bilər.
986-14.5. Bir neçə xüsusi cızıqlaması olan çeki ödəyici yalnız o halda ödəyə bilər ki, çekin üzərində ikidən çox cızıqlama aparılmasın.
986-14.6. Yuxarıdakı göstərişləri yerinə yetirməyən ödəyici və ya bank vurulan zərərin əvəzini çekin məbləğindən artıq olmayan miqdarda ödəməyə borcludur.
Dostları ilə paylaş: |