Maddə 993. Qiymətli kağıza mülkiyyət hüququnun əmələ gəlməsi və ötürülməsi
993.1. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla, digər sənədsiz qiymətli kağızlara mülkiyyət hüququ buraxılış zamanı həmin qiymətli kağızın ilk mülkiyyətçiyə özgəninkiləşdirilməsindən sonra mərkəzi depozitarda qeydə alındığı andan əmələ gəlir. Sənədli qiymətli kağızlara mülkiyyət hüququ həmin qiymətli kağızların ilk mülkiyyətçiyə özgəninkiləşdirildiyi andan əmələ gəlir.
993.2. Mülkiyyətçi qiymətli kağıza mülkiyyət hüququnu bu Məcəllənin 1078-20-ci maddəsində göstərilən qaydada əqdlərin bağlanması yolu ilə başqa şəxsə ötürə bilər.
993.3. Bu Məcəllənin 993.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla, digər sənədsiz qiymətli kağızları əldə edən şəxsin mülkiyyət hüquqları həmin qiymətli kağızların ötürülməsinin mərkəzi depozitarda qeydiyyatı ilə, sənədli qiymətli kağızları əldə edən şəxsin mülkiyyət hüquqları isə müvafiq əqdin bağlanması ilə yaranır.
993.4. Qiymətli kağıza mülkiyyət hüququ başqasına verildikdə və bu Məcəllənin 1078-21-ci maddəsində nəzərdə tutulmuş digər şərtlər yerinə yetirildikdə qiymətli kağızla təsdiqlənmiş bütün hüquqlar əldə edənə keçir, bu şərtlə ki, həmin qiymətli kağızı başqasına vermək hüququ mövcud olsun.
993.5. Əgər müqavilədə və ya qiymətli kağızın özündə nəzərdə tutulubsa, digər şəxslərin, xüsusən də emitentin iştirakı qiymətli kağıza mülkiyyət hüququnun verilməsi üçün zəruridir.
Dostları ilə paylaş: |