Maddə 1078-26. Qiymətli kağızların birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası
1078-26.1. Qiymətli kağızların birləşdirilməsi bir növdən olan bütün qiymətli kağızların bir buraxılış daxilində bütün mülkiyyətçilərdə olan qiymətli kağızların sayının mütənasib azaldılması yolu ilə dəyişdirilməsidir. Qiymətli kağızların nominal dəyəri olduqda, onların birləşdirilməsi nominal dəyərin mütənasib artırılması ilə müşayiət olunur.
1078-26.2. Qiymətli kağızların xırdalanması (bölünməsi) bir qiymətli kağızın nominal dəyərinin mütənasib bölünməsi yolu ilə eyni növlü bir neçə qiymətli kağıza çevrilməsidir.
1078-26.3. Qiymətli kağızların konvertasiyası bir emitentin bir növ investisiya qiymətli kağızların digər növlü investisiya qiymətli kağızlara və ya digər emitentin qiymətli kağızlarına (həmin emitent yenidən təşkil edildikdə) əvəzsiz dəyişdirilməsidir (səhmin istiqraza dəyişdirilməsi istisna olmaqla). Bu zaman dəyişdirilmiş qiymətli kağızlar ləğv olunur.
1078-26.4. Qiymətli kağızların birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası həmin qiymətli kağızların yerləşdirilməsi zamanı emitent tərəfindən cəlb edilmiş vəsaitlərin miqdarının dəyişdirilməsinə gətirmir, qiymətli kağızlar mülkiyyətçilərindən geri alınan qiymətli kağızların dəyərinin qaytarılması üçün əsas deyil və qiymətli kağızlar mülkiyyətçiləri tərəfindən əlavə xərclər edilmədən həyata keçirilir.
1078-26.5. Emitentin yerləşdirilmiş qiymətli kağızlarının birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası haqqında qərarı maliyyə bazarlarına nəzarət orqanında qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmalıdır.
1078-26.6. Qiymətli kağızların birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası qaydaları maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.
1078-26.7. Qiymətli kağızların birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası və ödənilməsi bu qiymətli kağızların əvvəlki sertifikatlarının ləğv olunması ilə müşayiət olunur.
Dostları ilə paylaş: |