Maddə 1106. Məhdud fəaliyyət qabiliyyətli sayılmış fiziki şəxsin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət
Məhdud fəaliyyət qabiliyyətli sayılmış fiziki şəxsin törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərərin əvəzini zərərvuran özü ödəyir.
Maddə 1107. Öz hərəkətlərinin mənasını başa düşə bilməyən fiziki şəxsin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət
1107.1. Fəaliyyət qabiliyyətli fiziki şəxs və ya on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayan öz hərəkətlərinin mənasını başa düşə və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə mülki hüquq pozuntusu törətdikdə vurduğu zərər üçün məsuliyyət daşımır. Əgər zərərçəkənin həyatına və ya sağlamlığına zərər vurulmuşdursa, məhkəmə zərərçəkənin və zərərvuranın əmlak vəziyyətini, habelə digər halları nəzərə almaqla, zərərin əvəzini tamamilə və ya qismən ödəmək vəzifəsini zərərvuranın üzərinə qoya bilər.
1107.2. Mülki hüquq pozuntusu törətmiş şəxs spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etməklə və ya başqa üsulla özünü hərəkətlərinin mənasını başa düşə və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətə özü gətirdikdə məsuliyyətdən azad edilmir.
1107.3. Əgər psixi pozuntu nəticəsində öz hərəkətlərinin mənasını başa düşə və ya onlara rəhbərlik edə bilməyən şəxs mülki hüquq pozuntusu törətmişdirsə, məhkəmə zərərin əvəzini ödəmək vəzifəsini həmin şəxslə birlikdə yaşayan, zərərvuranın psixi pozuntusundan xəbərdar olmuş, lakin onun fəaliyyət qabiliyyəti olmayan sayılması məsələsini qaldırmamış arvadının (ərinin), valideynlərinin, yetkinlik yaşına çatmış uşaqlarının öhdəsinə qoya bilər.
Dostları ilə paylaş: |