Maddə 1236. Vəsiyyətnamənin tamamilə və ya qismən icrası
Vəsiyyətnamənin icraçısına vəsiyyətnaməni tamamilə və ya onun ayrı-ayrı sərəncamlarını icra etmək tapşırıla bilər.
Maddə 1237. Mirasın mühafizə və idarə edilməsi
Mirasın açıldığı andan vəsiyyətnamənin icraçısı mirası mühafizə və idarə etməyə başlamalıdır; o, vəsiyyətnamənin icrası üçün zəruri olan bütün hərəkətləri yerinə yetirməyə səlahiyyətlidir. Bu səlahiyyət daxilində vərəsələr mirası idarə etmək hüququnu itirirlər.
Maddə 1238. Mirasın bir neçə icraçı tərəfindən mühafizə və idarə edilməsi
Əgər vəsiyyətnamənin bir neçə icraçısı vardırsa, təkbaşına hərəkətlərə yalnız mirasın mühafizəsi məqsədilə yol verilir, qalan hallarda onlar arasında razılıq zəruridir.
Maddə 1239. Vəsiyyətnamənin icrası xərclərinin əvəzinin ödənilməsi
1239.1. Vəsiyyətnamənin icraçısı öz vəzifələrini əvəzsiz yerinə yetirir, hərçənd, vəsiyyətnamədə nəzərdə tutulmuşdursa, muzd da ala bilər.
1239.2. Vəsiyyətnamənin icraçısı əmlakın mühafizəsinə və idarə edilməsinə çəkdiyi zəruri xərclərin əvəzinin mirasdan ödənilməsi hüququna malikdir.
1239.3. Vərəsə olmayan vəsiyyətnamə icraçısı, bu Məcəllənin 1249-cu maddəsində nəzərdə tutulan hallardan başqa, digər xərcləri mirasdan ödəyə bilməz.
Dostları ilə paylaş: |