Maddə 1249. Mirasa dair sərəncam verilməsinin yolverilməzliyi
Digər vərəsələrin gəlməsini gözləməyən və mirasa sahiblik etməyə və ya onu idarə etməyə başlayan vərəsə, xəstəlik zamanı miras qoyana qulluq, onun müalicəsi və dəfn edilməsi, miras qoyanın öhdəsində olmuş şəxslərin saxlanması, əmək haqqının ödənilməsi, mirasın mühafizə və idarə edilməsi xərclərindən başqa, mirasın açıldığı gündən altı ay keçənədək və ya miras hüququ haqqında şəhadətnamə alınanadək mirasa dair sərəncam verə bilməz.
Maddə 1250. İddia qaldırılanadək alınmış gəlirə hüquq
Əgər qanun üzrə vərəsə vəsiyyətnamənin olduğunu bilmədən mirasa sahiblik etməyə başlayarsa, vəsiyyət üzrə vərəsə isə vəsiyyətnamənin etibarsız olduğunu bilməzsə və ya qanun üzrə və vəsiyyət üzrə vərəsələr qanun üzrə daha yaxın vərəsələrin olduğunu və ya başqa vəsiyyətnamənin olduğunu bilməzlərsə, iddia qaldırılanadək mirasdan aldıqları gəlir onlara qalır; onlar mirasa qoyduqları bütün kapitalı da tələb edə bilərlər.
Maddə 1251 . Mirasa daxil olan ayrı-ayrı əşyalar üzərində səlahiyyətsiz şəxsin sərəncam verməsinin nəticələri
Əgər səlahiyyətsiz şəxs mirasa daxil olan əşya üzərində həqiqi vərəsəyə münasibətdə etibarlı olan sərəncam vermişsə, o bunun nəticəsində əldə etdiyini həqiqi vərəsəyə verməyə borcludur.
Dostları ilə paylaş: |