Maddə 1171. Mirasın vəsiyyət üzrə vərəsələr arasında bölüşdürülməsi
Əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə və vərəsələrdən birinə təyin edilmiş pay mirasın hamısından ibarətdirsə, vəsiyyət üzrə bütün vərəsələr bərabər paylar almalıdırlar.
Maddə 1172. Vəsiyyətnamədən kənarda qalmış əmlaka vərəsəlik
Əgər vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin payları bütövlükdə mirasın hamısını əhatə etmirsə, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik həyata keçirilir və əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, bu cür vərəsəlik əmlakın bir hissəsinin vəsiyyət edildiyi qanun üzrə vərəsələrə də aid olunur.
Maddə 1173. Vəsiyyət üzrə vərəsələr arasında payların mütənasib artırılması
Yalnız vəsiyyətnamə ilə təyin edilmiş vərəsələr olduqda, əgər vəsiyyət üzrə hər bir vərəsənin öz payı müəyyənləşdirilmişdirsə, lakin onların hamısının payları birlikdə götürüldükdə mirası tam əhatə etmirsə, onların payları mütənasib surətdə artırılır.
Maddə 1174. Miras payının müəyyənləşdirilməsində üçüncü şəxsin iştirakının yolverilməzliyi
Vəsiyyət edən mirasdan kimin və hansı miqdarda pay almalı olduğunu müəyyənləşdirməyi başqa şəxsə tapşıra bilməz.
Maddə 1175. Vərəsələri dəqiq müəyyənləşdirməyin mümkün olmaması
Əgər vəsiyyət edən vərəsənin şəxsiyyətini bir neçə şəxsə uyğun gələ bilən əlamətlərlə müəyyənləşdirmişdirsə və onlardan hansını nəzərdə tutduğunu təyin etmək mümkün deyildirsə, onların hamısı bərabər pay hüququ ilə vərəsə sayılırlar.
Maddə 1176. Vəsiyyət üzrə vərəsəlik hüququndan məhrumetmə
1176.1. Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir.
1176.2. Vəsiyyətnamədə birbaşa göstərişlə mirasdan məhrum edilmiş şəxs vəsiyyətnaməyə daxil olmamış əmlak hissəsinə, vəsiyyət üzrə vərəsələrin mirası qəbul etməkdən imtina etdikləri halda da, qanun üzrə vərəsə ola bilməz.
Maddə 1177. Vərəsəlik hüququnun saxlanması
Vəsiyyətnamədə göstərilməmiş qanun üzrə vərəsələr vəsiyyətnamədə toxunulmamış miras hissəsinə vərəsəlik hüququnu saxlayırlar; əgər mirasın açıldığı məqamda vəsiyyət üzrə vərəsələrdən heç biri sağ deyildirsə və ya onların hamısı mirası qəbul etməkdən imtina etmişlərsə, onlar vəsiyyətnamədə nəzərdə tutulan əmlakı da alırlar.
Maddə 1178. Qanun üzrə vərəsəliyin yolverilməzliyi
Əgər vəsiyyətnamədə bütün miras əmlak vəsiyyət üzrə vərəsələr arasında bölüşdürülmüşdürsə, lakin mirasın açıldığı vaxt vərəsələrdən biri sağ deyildirsə, qanun üzrə vərəsəlik əmələ gəlmir və onun əmlak payını vəsiyyət üzrə digər vərəsələr paylarına mütənasib surətdə alırlar.
65-ci fəsil.
Vəsiyyətnamənin forması
Maddə 1179. Notariat forması
1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir.
1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin.
Maddə 1180. Vəsiyyətnamənin notarius tərəfindən yazılması
1180.1. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər.
1180.2. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır.
Maddə 1181. Notariusa bərabər tutulan şəxslər
Vəsiyyətnamə təsdiqlənərkən aşağıdakılar notariusa bərabər tutulurlar:
1181.1. xəstəxananın, hospitalın, digər müalicə müəssisəsinin, sanatoriyanın baş həkimi, rəisi, onların tibbi hissə üzrə müavinləri və növbətçi həkimi və ya əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, qocalar evinin baş həkimi, xüsusi təhsil müəssisəsinin rəhbəri - əgər vəsiyyət edən bu müəssisədə müalicə edilirsə və ya yaşayırsa;
1181.2. axtarış, coğrafi və digər bu cür ekspedisiyaların rəisi - əgər vəsiyyət edən belə ekspedisiyadadırsa;
1181.3. dəniz və ya hava gəmisinin kapitanı - əgər vəsiyyət edən dəniz və ya hava gəmisindədirsə;
1181.4. hərbi hissənin, birləşmənin, müəssisənin və məktəbin komandiri (rəisi) - əgər hərbi hissənin yerləşdiyi məntəqədə notarius yoxdursa və əgər vəsiyyət edən hərbi hissədə hərbi qulluqçudursa və ya həmin hissədə qulluq edən mülki şəxs, yaxud onun ailə üzvüdürsə;
1181.5. azadlıqdan məhrumetmə yerinin rəisi - əgər vəsiyyət edən azadlıqdan məhrumetmə yerindədirsə.
Maddə 1182. Vəsiyyətnamənin başqa şəxs tərəfindən imzalanması
Əgər vəsiyyət edən hər hansı səbəbdən vəsiyyətnaməni özü imzalaya bilmirsə, onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Bu zaman vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir.
Maddə 1183. Lal-kar və kor şəxsin vəsiyyətnaməsi
1183.1. Əgər vəsiyyət edən lal-kardırsa və ya lal-kar və savadsızdırsa, vəsiyyət sərəncamını o, notariusda iki şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən bir nəfər şəxsin yanında tərtib etməlidir.
1183.2. Kor və ya savadsız olan vəsiyyət edən vəsiyyət sərəncamını notariusda üç şahidin yanında tərtib etməlidir. Bu barədə müvafiq qeyd yazılıb ona oxunmalıdır.
1183.3. Əgər vəsiyyət edən lal-kar-kordursa və ya lal-kar-kor və savadsızdırsa, vəsiyyət sərəncamını notariusda dörd şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən bir nəfər şəxsin yanında tərtib etməlidir.
1183.4. Vəsiyyətnaməni şahidlər yaza və oxuya bilərlər, lakin vəsiyyətnaməni onu yazan oxumamalıdır.
1183.5. Qeyddə onu kimin yazdığı və vəsiyyət edənə oxuduğu göstərilməlidir. Qeyd şahidlər tərəfindən imzalanmalı və notarius tərəfindən təsdiqlənməlidir.
Maddə 1184. Vəsiyyətin şahidləri
Yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığını alan (leqatari) vəsiyyətin şahidləri ola bilməzlər.
Maddə 1185. Vəsiyyətnamə sirri
Notarius, vəsiyyətnaməni təsdiqləmiş digər şəxs, şahid, habelə vəsiyyətnaməni vəsiyyət edənin əvəzinə imzalamış şəxslər vəsiyyətnamənin məzmununa, tərtibinə, dəyişdirilməsinə və ya ləğvinə aid məlumatları miras açılanadək açıqlaya bilməzlər.
Maddə 1186. Ev vəsiyyətnaməsi
Vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər.
Maddə 1187. Vəsiyyətnamənin depozitə qoyulması
1187.1. Vəsiyyət edən öz əli ilə yazdığı və imzaladığı vəsiyyətnaməni zərfə qoyub bağlayaraq üç şəxsin yanında notariusa və ya Azərbaycan Respublikası konsulluqlarının vəzifəli şəxslərinə verə bilər. Həmin şəxslərin orada olması onların zərfin üzərində notariat qaydasında (formasında) təsdiq edilmiş imzaları ilə müəyyən olunur.
1187.2. Bu növ vəsiyyətnamənin saxlanması onun notariusda (və ya Azərbaycan Respublikasının konsulluqlarında) rəsmən depozitə qoyulması ilə təmin edilməlidir.
Maddə 1188. Vəsiyyətnamənin texniki vasitələrdən istifadə edilməklə tərtibi
Vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər.
Maddə 1189. Qapalı vəsiyyətnamə
1189.1. Vəsiyyət edənin arzusu ilə şahidlər vəsiyyətnaməni onun məzmunu ilə tanış olmadan (qapalı vəsiyyət) təsdiqləməlidirlər. Bu halda şahidlər vəsiyyətnamənin tərtibi zamanı vəsiyyət edənin yanında olmalıdırlar.
1189.2. Qapalı vəsiyyətnaməni təsdiqləyərkən şahidlər vəsiyyətnamənin vəsiyyət edən tərəfindən onların yanında tərtib edildiyini, lakin vəsiyyətnamənin məzmununu bilmədiklərini göstərməlidirlər.
Maddə 1190. Vəsiyyətnamənin tərtib edildiyi tarix
Vəsiyyətnamədə onun tərtib edildiyi tarix göstərilməlidir. Tarixin göstərilməməsi vəsiyyətnamənin etibarsızlığına yalnız vəsiyyətnamənin tərtibi, dəyişdirilməsi və ya ləğvi zamanı vəsiyyət edənin fəaliyyət qabiliyyətli olmasına dair şübhələrin aradan qalxmadığı, habelə bir neçə vəsiyyətnamənin olduğu halda səbəb olur.
Maddə 1191. Maraqlı şəxslərin vəsiyyətnamənin məzmunu ilə tanış olması
Vəsiyyət edən öldükdən sonra notarius gün təyin edərək maraqlı şəxsləri vəsiyyətnamənin məzmunu ilə tanış edir. Bu barədə müvafiq protokol tərtib edilməlidir. Əgər vəsiyyətnamənin qoyulduğu zərf möhürlənmişdirsə, möhürün salamatlığı qeyd edilməlidir.
Maddə 1192. Ehtiyat vərəsə
1192.1. Vəsiyyət edən özünün təyin etdiyi vərəsənin miras açılanadək ölməsi və ya mirası qəbul etməməsi, yaxud vərəsəlik hüququndan məhrum edilməsi halı üçün vəsiyyətnamədə başqa vərəsənin (ehtiyat vərəsənin) adını göstərə bilər.
1192.2. Bu Məcəllənin 1134-1136-cı maddələrinə görə vərəsə ola bilən istənilən şəxs ehtiyat vərəsə ola bilər.
66 – cı fəsil.
Mirasda məcburi pay
Maddə 1193. Mirasda məcburi pay anlayışı
Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
Maddə 1194. Məcburi payı tələb etmək hüququnun əmələ gəldiyi an
Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.
Maddə 1195. Məcburi payın həcminin müəyyənləşdirilməsi
Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir.
Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payının müəyyənləşdirilməsi
Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.
Maddə 1197. Alınmış əmlakın məcburi paya daxil edilməsi
Məcburi pay almaq hüququ olan şəxs miras qoyanın sağlığında ondan məcburi paya daxil edilmək şərti ilə aldıqlarının hamısını məcburi paya daxil etməyə borcludur.
Maddə 1198. Vəsiyyət tapşırığından imtinanın nəticələri
Məcburi pay almaq hüququ olan, eyni zamanda vəsiyyət tapşırığını (leqatı) alan şəxs vəsiyyət tapşırığından imtina edərsə, məcburi pay tələb edə bilər. Əgər o, vəsiyyət tapşırığından imtina etməzsə, məcburi paya hüququnu vəsiyyət tapşırığının dəyəri həddində itirir.
//çıxarılıb//
//çıxarılıb//
Maddə 1200. Məcburi payın bağışlanmış əşya hesabına artırılması
Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.
Maddə 1201. Payın tamamlanmasını tələb etmək hüququ
Əgər məcburi pay almaq hüququ olan şəxsə onun qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az əmlak vəsiyyət edilmişdirsə, o, vəsiyyət üzrə aldığı payın qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az olduğu hissəni tələb edə bilər.
Maddə 1202. Məcburi payı qəbul etməkdən imtina
1202.1. Məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir.
1202.2. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir.
Maddə 1203. Məcburi pay almaq hüququndan məhrumetmə
1203.1. Məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür.
1203.2. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər.
1203.3. Məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir.
//çıxarılıb//
//çıxarılıb//
67 – ci fəsil.
Vəsiyyət tapşırığı (leqat)
Maddə 1205. Vəsiyyət tapşırığı anlayışı
Vəsiyyət edən miras hesabına hər hansı öhdəliyin bir və ya bir neçə şəxsin xeyrinə icra olunmasını vərəsəyə həvalə edə bilər (vəsiyyət tapşırığı - leqat).
Maddə 1206. Vəsiyyət tapşırığının predmeti
Vəsiyyət tapşırığının predmeti miras əmlaka daxil olan əşyaların vəsiyyət tapşırığını alanın (leqatarinin) mülkiyyətinə, istifadəsinə və ya digər əşya hüququ ilə verilməsi, mirasa daxil olmayan əmlakın əldə edilməsi və ona verilməsi, müəyyən işin görülməsi, xidmətlərin göstərilməsi və i.a. ola bilər.
Maddə 1207. Vəsiyyət tapşırığına əsasən yaşayış otağından istifadə
Vəsiyyət edən yaşayış evinin, mənzilin və ya digər yaşayış otağının keçdiyi vərəsənin üzərinə miras açılanadək bir ildən az olmayan müddətdə miras qoyanla birlikdə yaşamış şəxsə otaqdan və ya onun müəyyən hissəsindən ömürlük istifadə hüququ vermək vəzifəsini qoya bilər. Yaşayış otağına mülkiyyət hüququ sonradan başqasına keçdikdə ömürlük istifadə hüququ qüvvədə qalır.
Maddə 1208. Yaşayış otağından ömürlük istifadə hüququnun özgəninkiləşdirilməməsi
1208.1. Yaşayış otağından ömürlük istifadə hüququ özgəninkiləşdirilmir və vəsiyyət tapşırığını alanın vərəsələrinə keçmir.
1208.2. Əgər vəsiyyətnamədə ayrı hal nəzərdə tutulmayıbsa, yaşayış otağından ömürlük istifadə hüququ vəsiyyət tapşırığını alanın ailə üzvlərinin həmin otaqda yaşamasına əsas vermir.
Maddə 1209. Vəsiyyət tapşırığının icra hədləri
Vəsiyyət tapşırığının icrasının həvalə edildiyi vərəsə həmin tapşırığı, miras qoyanın borclarından ödəməli olduğu hissəni çıxmaqla, vəsiyyət edilmiş mirasın həqiqi dəyəri hədlərində icra etməlidir.
Maddə 1210. Vəsiyyət tapşırığının başqa vərəsələr tərəfindən icrası
Əgər vəsiyyət tapşırığının icrasının həvalə olunduğu vərəsə miras açılanadək ölərsə və ya mirasdan imtina edərsə, vəsiyyət tapşırığını icra etmək vəzifəsi onun payını almış digər vərəsələrə keçir, bu şərtlə ki, vəsiyyətdən ayrı hal irəli gəlməsin.
Maddə 1211. Vəsiyyət tapşırığının icrasına xitam verilməsi
Vəsiyyət tapşırığının icrasının həvalə olunduğu vərəsənin öldüyü halda, əgər vəsiyyət tapşırığının icrası onun iştirakı olmadan mümkün deyildirsə, vəsiyyət tapşırığını icra etmək öhdəliyinə xitam verilir.
Maddə 1212. Vəsiyyət tapşırığının mirasdakı paya mütənasib surətdə icrası
Vəsiyyət tapşırığının icrası bir neçə vərəsəyə həvalə olunduqda, əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, onlardan hər biri vəsiyyət tapşırığını mirasdakı payına mütənasib surətdə icra edir.
Maddə 1213. Vəsiyyət tapşırığının icrası müddəti
Vəsiyyət tapşırığını alan vəsiyyət tapşırığının miras açılan gündən hesablanan üç illik iddia müddəti ərzində icra olunmasını tələb edə bilər.
Maddə 1214. Məcburi pay alınarkən vəsiyyət tapşırığı
Vəsiyyət tapşırığının icrasının həvalə edildiyi vəsiyyət üzrə vərəsənin məcburi pay almaq hüququ da olduqda, o, vəsiyyət tapşırığını yalnız vəsiyyət edilmiş əmlakın məcburi paydan əlavə aldığı hissəsi həddində icra edir.
Maddə 1215. Vəsiyyət tapşırığını alanın məsuliyyəti
Vəsiyyət tapşırığını alan miras qoyanın borcları üçün məsuliyyət daşımır.
Maddə 1216. Vəsiyyət tapşırığından imtina
Vəsiyyət tapşırığını alan vəsiyyət tapşırığını qəbul etməkdən imtina edə bilər. Bu halda mirasın müvafiq hissəsi vəsiyyət tapşırığının həvalə olunacağı vərəsəyə qalır.
Maddə 1217. Vəsiyyət tapşırığının icrasından azad edilmə
Əgər vəsiyyət tapşırığını alan onu qəbul etməkdən imtina edərsə, vəsiyyət tapşırığının icrasının həvalə olunduğu vərəsə onu icra etmək vəzifəsindən azad edilir.
Maddə 1218. Vəsiyyət tapşırığının vərəsələrə keçməsi
Əgər vəsiyyət tapşırığını alan miras açıldıqdan sonra vəsiyyət tapşırığının qəbuluna razılıq verməyə macal tapmadan ölərsə, vəsiyyət tapşırığını almaq hüququ tapşırığı onun əvəzinə qəbul edəcək vərəsələrinə keçir.
Maddə 1219. Ümumi faydalı məqsədlər üçün vəsiyyət tapşırığı
1219.1. Vəsiyyət edən vərəsəyə ümumi faydalı məqsədlər üçün hər hansı hərəkətin icrasını tapşıra bilər. Bu hərəkət həm əmlak, həm də qeyri-əmlak xarakteri daşıya bilər.
1219.2. Əgər tapşırılmış hərəkət əmlaka aiddirsə, vəsiyyət tapşırığını tənzimləyən normalar tətbiq edilir.
1219.3. Vəsiyyətdə ümumi faydalı məqsədlər üçün hər hansı hərəkətin icrasının tapşırıldığı vərəsənin öldüyü halda bu öhdəliyin icrası mirası qəbul etmiş digər vərəsələrə keçir.
1219.4. Vərəsəyə tapşırılmış hərəkətin icrasını ondan vəsiyyətnamənin icraçısı, beləsi olmadıqda isə hər hansı vərəsə, habelə maraqlı siyasi partiya, ictimai birlik, həmkarlar ittifaqı və dini təşkilat, fond, dövlət hakimiyyəti və ya yerli özünüidarə orqanları məhkəmə yolu ilə tələb edə bilərlər.
68 – ci fəsil.
Vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğvi
Maddə 1220. Vəsiyyətnamənin dəyişdirilməsi imkanları
1220.0. Vəsiyyət edən vəsiyyətnaməni aşağıdakı üsullarla həmişə dəyişdirə və ya ləğv edə bilər:
1220.0.1. əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə;
1220.0.2. notariat orqanına ərizə verməklə;
1220.0.3. Vəsiyyətnamənin bütün nüsxələrinin vəsiyyət edən tərəfindən və ya onun sərəncamı ilə notarius tərəfindən məhv edilməsi ilə.
Maddə 1221. Ləğv edilmiş vəsiyyətnamənin bərpasının yolverilməzliyi
Sonradan tərtib edilmiş vəsiyyətnamə ilə ləğv edilən vəsiyyətnamə sonradan tərtib edilmiş vəsiyyətnamənin ərizə vermək yolu ilə ləğv edildiyi halda da bərpa oluna bilməz.
Maddə 1222. Bir neçə vəsiyyətnamə
Əgər vəsiyyət edən bir neçə vəsiyyətnamə tərtib etmişdirsə, lakin onlar bir-birini tamamlayır və tam əvəz etmirsə, bütün vəsiyyətnamələr qüvvədə qalır. Əvvəlki vəsiyyətnamənin göstərişləri sonrakı vəsiyyətnamə ilə dəyişdirilmədiyi halda qüvvədə qalır.
Maddə 1223. Notariat vəsiyyətnaməsinin üstünlüyü
1223.1. Əgər bir şəxs bir neçə vəsiyyətnamə tərtib etmişdirsə və onlardan yalnız biri notariat formasında tərtib edilmişdirsə, notariat formasında tərtib edilmiş vəsiyyətnaməyə üstünlük verilir.
1223.2. Notariat vəsiyyətnaməsi başqa formalı vəsiyyətnamə ilə ləğv edilə bilməz.
Maddə 1224. Vəsiyyətnamənin qüvvədən düşmüş sayılmasının əsasları
1224.0. Vəsiyyətnamə aşağıdakı hallarda qüvvədən düşür:
1224.0.1. xeyrinə vəsiyyətnamə tərtib edilmiş şəxs vəsiyyət edəndən tez öldükdə;
1224.0.2. vəsiyyət edilmiş əmlak vəsiyyət edənin sağlığında itirildikdə və ya onun tərəfindən özgəninkiləşdirildikdə;
1224.0.3. yeganə vərəsə mirası qəbul etməkdən imtina etdikdə.
Maddə 1225. Vəsiyyətnamənin etibarsızlığı
1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır.
1225.2. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır.
1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər.
Maddə 1226. Ayrı-ayrı vəsiyyət sərəncamlarının etibarsızlığı
1226.1. Mirasda olmayan əşyaya vərəsəliyə çağırmağa əsas verən vəsiyyət sərəncamı etibarsızdır.
1226.2. Əgər kiməsə miras əmlakda olmayan pul məbləği vəsiyyət edilmişdirsə, vəsiyyətnamənin bu cür sərəncamı etibarsızdır.
1226.3. Vərəsənin mirası müəyyən dövr üçün və ya miras qoyanın öldüyü gündən deyil, sonralar alacağı barədə, habelə vərəsənin ölümündən sonra mirasın kimə keçməli olduğu barədə vəsiyyət sərəncamı etibarsızdır.
Maddə 1227. Vəsiyyət sərəncamının icrasının qeyri-mümkünlüyü nəticəsində etibarsızlığı
Vəsiyyət sərəncamı vərəsə tərəfindən sağlamlıq vəziyyətinə və ya digər obyektiv səbəblərə görə yerinə yetirilə bilmədikdə vərəsənin iddiası üzrə etibarsız sayıla bilər.
Maddə 1228. Vəsiyyət sərəncamlarından birinin etibarsızlığının nəticələri
Əgər bir neçə vəsiyyət sərəncamından biri etibarsızdırsa və ya qüvvədən düşmüşdürsə və miras qoyan başqa sərəncamlar verməmişdirsə, vəsiyyətnamənin qalan sərəncamları qüvvədə qalır.
Maddə 1229. Vəsiyyətnamənin etibarsızlığı halında mirasın alınması
Vəsiyyətnamənin etibarsız sayıldığı halda bu vəsiyyətnamə ilə vərəsəlik hüququndan məhrum edilmiş vərəsə mirası ümumi əsaslar üzrə ala bilər.
Maddə 1230. Vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edilməsi
Qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər.
Maddə 1231. İddia verilməsi müddəti
1231.1. Vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər.
1231.2. Vəsiyyət edən özgəsinin əmlakını yanlış olaraq öz əmlakı kimi vərəsəyə vəsiyyət etdikdə, bu Məcəllənin 1231.1-ci maddəsində nəzərdə tutulan iddia müddəti mülkiyyətçinin iddiasına şamil edilmir.
Dostları ilə paylaş: |