Ümumi hissə I bölmə Cəzaların İcrası qanunvericiliyinin əsas müddəaları


VI bölmə   Cəza çəkməkdən azad etmə. Cəza çəkməkdən azad edilən şəxslərə yardım göstərilməsi və onlara nəzarət edilməsi



Yüklə 105,01 Kb.
səhifə28/41
tarix05.01.2022
ölçüsü105,01 Kb.
#111081
1   ...   24   25   26   27   28   29   30   31   ...   41
VI bölmə

 

Cəza çəkməkdən azad etmə. Cəza çəkməkdən azad edilən şəxslərə yardım göstərilməsi və onlara nəzarət edilməsi

 

XIX fəsil

 

Cəza çəkməkdən azad etmə

 

Maddə 167. Cəza çəkməkdən azad etmənin əsasları



 

167.0. Məhkumlar cəza çəkməkdən aşağıdakı əsaslarla azad edilirlər:

167.0.1. cəza müddəti qurtardıqda;

167.0.2. hökmün ləğv edilməsi ilə əlaqədar işin icraatına xitam verildikdə;

167.0.3. cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə;

167.0.4. cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə;

167.0.5. amnistiya və ya əfvetmə aktına əsasən;

167.0.6. xəstəliyə və qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslara görə.

 

Maddə 168. Cəza müddətinin qurtarması ilə əlaqədar cəza çəkməkdən azad etmə qaydaları



 

168.1. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması, azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrum etmə, həmçinin hərbi xidmət üzrə məhdudlaşdırma və intizam xarakterli hərbi hissədə saxlama növündə cəzaların müddəti cəza çəkmənin axırıncı günü bitir.

168.2. Müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın icrası yerindən-cəza müddətinin axırıncı gününün birinci yarısında azad edilirlər. Əgər cəza müddəti istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qurtarırsa, məhkum həmin günlərdən əvvəlki gün azad edilir. Cəza müddəti aylarla hesablanarsa, bu müddət axırıncı ayın müvafiq günündə, əgər bu ayda müvafiq gün yoxdursa, həmin ayın axırıncı günü qurtarır.

168.3. Cəza çəkməkdən azad edilərkən məhkuma ona məxsus olan mallar və qiymətli əşyalar, şəxsi hesabında saxlanılan pul və şəxsi sənədlər, şəxsiyyət vəsiqəsi, əmək kitabçası, pensiya vəsiqəsi, həmçinin cəzadan azad olunması və əmək fəaliyyəti barəsində sənədlər verilir.

168.4. Müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkməkdən azad olunan məhkumun şəxsiyyət vəsiqəsi, əmək kitabçası və pensiya vəsiqəsi məhkumun şəxsi işində olmadıqda, cəzanı icra edən müəssisənin müdiriyyəti əvvəlcədən onların alınması üçün tədbirlər görür.

168.5. Məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi müvafiq sənəd məhkəmədən daxil olduğu gün, sənəd iş günü qurtardıqdan sonra alındıqda isə, növbəti gün səhər həyata keçirilir.

168.6. icra məmuru islah işləri növündə cəza müddətinin qurtardığı gün, məhkum həmin cəzadan başqa əsasla azad edildikdə isə müvafiq sənədi aldıqdan sonra, növbəti gündən gec olmayaraq, məhkumun işlədiyi yerin işəgötürəninə onun əmək haqqından tutulmaların dayandırılması barəsində məlumat verməlidir.

168.7. Hökmün ləğv olunması ilə əlaqədar azad edilən şəxsə, cəzanı icra edən müəssisə və ya orqan tərəfindən əmlak, əmək, yaşayış və digər itirilmiş hüquqların bərpası qaydası izah edilir. Bu halda azad etmə barədə sənəddə məhkumdan dövlət adından rəsmi üzr istənilir.

 

Maddə 169. Hərbi qulluqçuların cəza çəkməkdən azad edilməsi



 

Hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzaya məhkum olunmuş hərbi qulluqçular xəstəliyə görə hərbi xidmətə yararsız sayıldıqları hallarda cəzanın çəkilməmiş hissəsini çəkməkdən azad edilirlər. Cəzanın çəkilməmiş hissəsi məhkəmə tərəfindən daha yüngül cəza növü ilə əvəz edilə bilər.

 

Maddə 170. Məhkumun cəzadan vaxtından əvvəl azad edilməsi və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, habelə cəzanın çəkilməsinin təxirə salınması qaydaları



 

170.1. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, habelə cəzanın çəkilməsinin təxirə salınması tətbiq oluna bilən məhkum Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə ərizə ilə müraciət edə bilər.

170.2. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Mülahizə ilə birlikdə məhkəməyə məhkumun şəxsi işi də göndərilir.

170.3. Amnistiyanın tətbiqi qaydaları amnistiya aktını qəbul etmiş orqan tərəfindən müəyyən edilir.

170.4. Əfv etməyə təqdim olunan məhkum barəsində cəzanı icra edən müəssisə və ya orqan müvafiq vəsatət verir.

170.5. Psixi və sair ağır xəstəliklə əlaqədar cəza çəkməkdən azad etmə barədə məhkəməyə məhkumun özü və ya onun qanuni nümayəndəsi ərizə, cəzanı icra edən müəssisə və ya orqan isə təqdimat verir. Təqdimatla birlikdə məhkəməyə tibbi-sosial komissiyasının rəyi və məhkumun şəxsi işi göndərilir. Təqdimatda məhkumun bütün cəzaçəkmə müddətində davranışı barədə məlumat olmalıdır.

170.6. İctimai işlər ya islah işləri növündə cəza çəkən məhkum qadın onun hamiləlik və ya doğuşa görə işdən azad olunduğu andan cəzanın çəkilməsinin təxirə salınması barədə ərizə ilə məhkəməyə müraciət edə bilər.

170.7. Məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, habelə cəzanın çəkilməsinin təxirə salınması məhkəmə tərəfindən rədd edildiyi hallarda, təkrar ərizəyə məhkəmənin rədd haqqında qərar qəbul etdiyi gündən ən azı altı ay sonra baxıla bilər.

 

Maddə 171. Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin cəzasının müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi



 

171.1. Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən olunmuş müddət keçdikdən sonra cəzasının müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə haqqında məhkəməyə ərizə ilə müraciət edə bilər.

171.2. Ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun ərizəsinə əsasən onun cəzasının müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məhkəmə tərəfindən rədd edildikdə, təkrar ərizəyə məhkəmənin rədd haqqında qərarının qəbul edildiyi gündən ən azı bir il sonra baxıla bilər.

 


Yüklə 105,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin