Maddə 239. Ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin və ya təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatının aparılmaması
Ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə-
vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.
Maddə 240. Ətraf mühitin mühafizəsi sahəsində standartlaşdırma qaydalarının pozulması
Ətraf mühitin mühafizəsi sahəsində mövcud standartlar və texniki tələblər pozulmaqla məhsulların (məmulatların) hazırlanmasına, satılmasına, saxlanılmasına, nəql edilməsinə, istifadəsinə, istismarına və təmirinə, yaxud işlərin və xidmətlərin yerinə yetirilməsinə görə-
fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 241. Ətraf mühitin mühafizəsi sahəsində sertifikatlaşdırma qaydalarının pozulması
Ətraf mühitin mühafizəsi sahəsində məcburi sertifikatlaşdırılmalı olan məhsulların belə sertifikat olmadan istehsal edilməsinə, işlərin (xidmətlərin) yerinə yetirilməsinə görə-
vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 242. Xüsusi mühafizə olunan təbiət ərazilərindən istifadə qaydalarının pozulması
Xüsusi mühafizə olunan təbiət ərazilərindən istifadə qaydalarının, həmin ərazilərin mühafizə rejiminin pozulmasına görə-
fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
Dostları ilə paylaş: |