Maddə 253-1. Yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyin pozulması
253-1.1. Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasının pozulmasına, yəni:
253-1.1.1. mövcud yaşıllıqların uçota alınmamasına və ya kadastrının aparılmamasına;
253-1.1.2. yaşıllıqların kəmiyyət və keyfiyyət göstəriciləri, növü, ərazisi və onlar barədə digər məlumatların təhrif edilməsinə;
253-1.1.3. yaşıllıqların uçotu, kadastrı və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə -
vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.
253-1.2. Yaşıllıqların götürülməsi qaydasının pozulmasına, yəni:
253-1.2.1. müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə;
253-1.2.2. yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə -
fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir.
253-1.3. Götürülmüş yaşıllıqların yerinin dəyişdirilməməsinə və ya bərpa edilməməsinə, yaxud zədələnmiş və ya məhv edilmiş yaşıllıqların və ya onların hissələrinin bərpa edilməməsinə görə -
fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər üç min manat miqdarında, hüquqi şəxslər on min manat miqdarında cərimə edilir.
253-1.4. Şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıqların məhv edilməsinin və yaşıllıq ərazilərində qanuna zidd digər hərəkətlərin qarşısının alınmamasına, yaxud qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülməməsinə görə -
vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.
Dostları ilə paylaş: |