Maddə 328. Yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma
328.1. Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə-
on manat məbləğində cərimə edilir.
328.2. Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə-
əlli manat məbləğində cərimə edilir.
328.3. Yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə-
yüz əlli manat məbləğində cərimə edilir.
328.4. Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə-
iki yüz əlli manat məbləğində cərimə edilir.
Maddə 329. Təhlükəsizlik kəmərlərindən, motodəbilqələrdən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması
329.1. Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə -
qırx manat məbləğində cərimə edilir.
329.2. Motodəbilqə taxmadan və ya onu düymələmədən motosikleti idarə etməyə, yaxud motodəbilqəsi olmayan və ya onu düymələməyən sərnişinləri motosikletdə daşımağa görə -
qırx manat məbləğində cərimə edilir.
329.3. İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə-
otuz manat məbləğində cərimə edilir.
Qeyd: Foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş bu Məcəllənin 329.1-ci maddəsində nəzərdə tutulmuş xətanın gün ərzində təkrar törədilməsinə görə şəxs bu Məcəllənin 122 və 123-cü maddələrində müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb oluna bilməz. Bu, həmin xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərək xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunması hallarını istisna etmir.
Dostları ilə paylaş: |