Maddə 493. Gömrük bəyannaməsinin və müvafiq sənədlərin təqdim edilməsi müddətinin pozulması
Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə -
fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Maddə 494. Müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsinin gömrük nəzarəti və baxışının keçirilməsi üçün əraziyə və binalara daxil olmasına maneçilik törədilməsi
Müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsinin gömrük nəzarətindən keçirilməli olan mallar və nəqliyyat vasitələrinin, həmçinin gömrük nəzarətinin həyata keçirilməsi üçün tələb olunan sənədlərin olduğu, yaxud olması ehtimal olunan ərazilərə və tikililərə, müvəqqəti saxlanc və gömrük anbarlarına, sərbəst zonalarda yerləşən ərazilərə və tikililərə, həmçinin icrasına nəzarət gömrük orqanına həvalə edilmiş fəaliyyətin həyata keçirildiyi digər yerlərə qanunla müəyyən edilmiş qaydada daxil olmasına və baxış keçirməsinə sahibkar olmayan subyekt tərəfindən maneçilik törədilməsinə görə -
fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz əlli manat məbləğində cərimə edilir.
Dostları ilə paylaş: |