Maddə 293. Uçuş təhlükəsizliyi qaydalarının pozulması
293.1. Aerodrom rayonunda aerodromların tanınması üçün qəbul edilmiş işarələrə və ya nişanlı qurğulara oxşar hər hansı işarə və ya qurğu yerləşdirilməsinə və ya müvafiq icazə olmadan pirotexnik məmulat yandırılmasına, yaxud hava gəmilərinin uçuşları üçün təhlükəli quşların kütləvi toplanmasına kömək edən obyektlər qurulmasına görə-
əlli manat məbləğində cərimə edilir.
293.2. Lazımi icazə olmadan uçuş təhlükəsizliyi üçün qorxu yarada bilən hər cür atəşə, raketin buraxılmasına, partlayış işlərinə və digər işlərin görülməsinə görə-
yüz manat məbləğində cərimə edilir.
293.3. Binalarda və tikililərdə gecə və gündüz işarələri və ya nişanlı qurğular yerləşdirmə qaydalarının yerinə yetirilməməsinə görə-
yüz əlli manat məbləğində cərimə edilir.
293.4. Aerodrom avadanlığının, aerodrom işarələrinin, hava gəmilərinin və onların avadanlığının zədələnməsinə görə-
yüz əlli manat məbləğində cərimə edilir.
293.5. Lazımi icazə olmadan aeroportların (aerovağzallardan başqa), aerodromların, uçuşların radio və işıq təminatı obyektlərinin ərazisindən piyada və ya nəqliyyat vasitəsi ilə keçməyə görə-
əlli manat məbləğində cərimə edilir.
293.6. Müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan Azərbaycan Respublikasının hava məkanında səsdən iti sürətlə uçuşa görə-
dörd yüz manat məbləğində cərimə edilir.
Maddə 294. Aviasiya qəzasının baş verdiyi yerdə qəzaya uğramış hava gəmisinin hissələrinin və ya onun daşıdığı əşyaların (yüklərin, baqajın) qanunsuz götürülməsi
Aviasiya qəzasını araşdıran komissiyanın icazəsi olmadan, aviasiya qəzasının baş verdiyi yerdə qəzaya uğramış hava gəmisinin hər hansı hissəsinin, yaxud onun daşıdığı əşyaların (yükün, baqajın) götürülməsinə görə-
beş yüz manat məbləğində cərimə edilir.
Dostları ilə paylaş: |