Maddə 491. Gömrük nəzarəti altında olan, o cümlədən şərti buraxılmış mallar və ya nəqliyyat vasitələri ilə qanunsuz əməliyyatlar aparılması
491.1. Bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə -
inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir.
491.2. Barəsində gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallardan və nəqliyyat vasitələrindən müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan həmin güzəştlərin verilməsi üçün nəzərdə tutulmayan digər məqsədlərlə istifadə edilməsinə və ya onların üzərində sərəncam verilməsinə görə -
gömrük güzəştlərinin verilməsi ilə əlaqədar ödənilməmiş gömrük ödənişlərinin məbləğinin yüz faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir.
491.3. Müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə -
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadəkməbləğdə cərimə edilir.
Dostları ilə paylaş: |