Maddə 538-1. Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında qanunvericiliyin tələblərinin pozulması
538-1.1. Akkreditasiyası məcburi tələb olunan uyğunluğu qiymətləndirən qurumun akkreditasiya olunmadan fəaliyyət göstərməsinə görə -
vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.
538-1.2. Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməməsinə görə -
vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.
538-1.3. Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum öz fəaliyyətində “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini ödəyə bilmədiyi və ya fəaliyyətində dəyişiklik baş verdiyi hallarda, müvafiq qərarın qəbul edilməsi üçün akkreditasiya orqanını dərhal məlumatlandırmamasına görə -
vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.
538-1.4. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən uyğunluğu qiymətləndirən qurumun akkreditasiyasından əsassız imtina olunmasına görə -
vəzifəli şəxslər üç yüz manat məbləğində cərimə edilir.
538-1.5. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən uyğunluğu qiymətləndirən qurumun akkreditasiyasının qanunla müəyyən edilmiş müddətdə aparılmamasına görə -
vəzifəli şəxslər üç yüz manat məbləğində cərimə edilir.
538-1.6. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən akkreditasiya tələblərinə cavab verən uyğunluğu qiymətləndirən qurumun akkreditasiya sahəsinin məhdudlaşdırılmasına və ya akkreditasiya attestatının ləğvinə görə -
vəzifəli şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Dostları ilə paylaş: |