Maddə 114. İnzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad)
114.1. İnzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır:
114.1.1. inzibati tənbeh vermə haqqında;
114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında;
114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında;
114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında.
114.2. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar aşağıdakı hallarda çıxarılır:
114.2.1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda;
114.2.2. bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə;
114.2.3. inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə;
114.2.4. bu Məcəllənin 16.2-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya (kollegial orqana) göndərildikdə.
114.3. İnzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır.
114.4. Səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad) ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Həmin qərarın (qərardadın) formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Maddə 115. İnzibati xəta haqqında iş üzrə qərar
115.1. İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir:
115.1.1. qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi;
115.1.2. işin baxılması tarixi və yeri;
115.1.3. işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi;
115.1.4. işə baxılarkən müəyyən edilmiş hallar;
115.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü;
115.1.6. inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd;
115.1.7. iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi;
115.1.8. qərardan şikayət verilməsi müddəti və qaydası.
115.2. İnzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir.
115.3. İnzibati xətaya görə inzibati həbs növündə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində məcburi müalicənin tətbiqi məsələsi hakim tərəfindən həll edilir.
115.4. İnzibati xəta haqqında iş üzrə qərarda götürülmüş əşyalar və sənədlər barədə məsələlər aşağıdakı qaydada həll olunmalıdır:
115.4.1. dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir;
115.4.2. dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına)verilməli, yaxud məhv edilməlidir; 115.4.3. maddi sübut hesab edilən sənədlər inzibati xəta haqqında işdə müəyyən edilmiş saxlama müddəti ərzində saxlanılır və ya sahibinə verilir;
115.4.4. alınmış orden, medal, döş nişanları onların qanuni sahibinə qaytarılır, qanuni sahib müəyyən edilmədikdə isə müvafiq icra hakimiyyəti orqanına göndərilir.
115.5. İnzibati xəta haqqında iş üzrə qərar onu qəbul etmiş hakim, kollegial orqanın iclasına sədrlik edən şəxs, habelə vəzifəli şəxs tərəfindən imzalanır.