Maddə 130. Qərardan şikayət və ya protest vermə müddətləri
130.1. Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər.
130.2. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir.
130.3. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir.
Maddə 131. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılma müddətləri
131.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır.
131.2. İnzibati xəta törədən şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edildikdə, inzibati həbs barəsində verilmiş qərardan şikayətə və ya protestə həmin şikayətin və ya protestin verildiyi vaxtdan bir gün müddətində baxılır.
Maddə 150. İnzibati cərimənin tətbiqi haqqında qərarın icrası
150.15. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir.
150.16. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarını pozduğuna görə barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edilmədən inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmiş şəxs cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla) ödəmədikdə onun Azərbaycan Respublikasına gəlməsi Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir. Şəxs cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla) ödədikdə onun Azərbaycan Respublikasına gəlməsi ilə bağlı qadağa dərhal götürülür.
Dostları ilə paylaş: |