Maddə 35. Bankların vergi ödəyicilərinin uçotu ilə bağlı vəzifələri
35.1. Dövlət qeydiyyatı vergi orqanları tərəfindən aparılan hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları dövlət qeydiyyatına alınması haqqında ərizə ilə birlikdə və ya qeydiyyata alındıqdan sonra istənilən vaxt, digər vergi ödəyiciləri isə uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra bank idarəsində hesab açmaq üçün vergi orqanına ərizə verir. Vergi orqanı bu ərizə əsasında vergi ödəyicisinə 2 gündən gec olmayaraq şəhadətnamə-dublikat verir. Vergi ödəyicisinə verilən şəhadətnamə-dublikatların sayı məhdudlaşdırılmır və onların hər biri nömrələnir. Bank hesabının açılması məqsədi ilə şəhadətnamə-dublikat vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadıqda bu maddədə müəyyən edilmiş müddətdə verilir. Şəhadətnamə-dublikatın alınması üçün vergi ödəyicisi tərəfindən verilən ərizənin və şəhadətnamə-dublikatın forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Vergi orqanı bu maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə-dublikatı vergi ödəyicisinə verdikdən sonra 1 gün müddətində müvafiq icra hakimiyyəti orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada məlumatı elektron və (və ya) kağız daşıyıcılar vasitəsilə göndərir.
35.2. Banklar hüquqi şəxslərə, onların filial və nümayəndəliklərinə, fərdi sahibkarlara yalnız onlar vergi orqanı tərəfindən verilən şəhadətnamə-dublikatını təqdim etdikdən sonra bank hesabları açırlar (qeyri-rezident üçün sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan hesabların açılması halları istisna olmaqla).
35.2-1. Banklar hüquqi və fiziki şəxslərə hesab açdıqda və ya maliyyə xidmətləri göstərdikdə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməsini təmin edirlər.
35.3. Şəhadətnamə-dublikat alındığı tarixdən 10 gün müddətində hesabın açılması üçün istifadə olunmadıqda qüvvədən düşmüş hesab edilir.
35.4. Şəhadətnamə-dublikat iki hissədən ibarətdir. Onun bir hissəsi vergi ödəyicisinin hesab açdığı bankda qalır, bildiriş adlanan digər hissəsini isə bank idarəsi müvafiq qeydləri apardıqdan sonra onu vermiş vergi orqanına göndərir.
Vergi orqanı bank idarəsindən bu maddədə göstərilən bildirişi aldıqdan sonra bildirişdə göstərilən məlumatları vergi uçotu məlumatlarına daxil edir və 1 gün müddətində həmin məlumatları müvafiq icra hakimiyyəti orqanına elektron və (və ya) kağız daşıyıcılar vasitəsilə göndərir.
35.5. Şəhadətnamə-dublikatla yalnız onda göstərilmiş bankda (bankın filialında) hesab açmaq olar.
35.6. Şəhadətnamə-dublikatın bildiriş hissəsi bank idarəsi tərəfindən 10 gün müddətində qaytarılmadıqda, vergi orqanı bunun səbəblərini vergi ödəyicisi və müvafiq bank idarəsi ilə dəqiqləşdirməlidir. Şəhadətnamə-dublikat 10 gün ərzində istifadə olunmadıqda, vergi ödəyicisinə verilmiş şəhadətnamə-dublikat geri alınır və hesabın açılmaması barədə bankdan alınmış rəsmi məlumata əsasən onun etibarsız olması haqqında vergi ödəyicisinin uçot məlumatlarında müvafiq qeydlər edilir.
Dostları ilə paylaş: |