Maddə 147. Hüquqi şəxsin yenidən təşkil edilməsi
147.1. Yenidəntəşkilin iştirakçısı olan hüquqi şəxsə və ya hüquqi şəxslərə məxsus əmlakın və iştirak paylarının dəyəri həmin əmlakın və iştirak paylarının bilavasitə yenidəntəşkildən əvvəlki dəyəri ilə eynidir. Eynilə əsas vəsaitlərin hər hansı amortizasiya kateqoriyasına aid olan balans dəyəri həmin əsas vəsaitləri alan şəxsə keçir.
147.2. Yenidəntəşkilin iştirakçısı olan hüquqi şəxslər arasında əmlakın və iştirak paylarının verilməsinə əmlakın vergiyə cəlb olunan özgəninkiləşdirilməsi kimi baxılmır.
147.3. Yenidəntəşkilin iştirakçısı olan rezident hüquqi şəxsin özünün iştirak paylarının bu yenidəntəşkilin iştirakçısı olan digər rezident hüquqi şəxsdəki iştirak payları ilə hər hansı mübadiləsi iştirak payının vergiyə cəlb olunan özgəninkiləşdirilməsi hesab edilmir.
147.4. Bu Məcəllənin 147.3-cü maddəsinə uyğun olaraq mübadilə edilən iştirak paylarının dəyəri ilkin iştirak paylarının dəyərinə bərabərdir.
147.5. Yenidəntəşkilin iştirakçısı olan hüquqi şəxsin iştirak paylarının iştirakçı tərəf olan digər hüquqi şəxsdəki iştirak payının dəyişməsi ilə əlaqədar bölüşdürülməsi, yenidəntəşkildə iştirakçı tərəflər üçün dividend sayılmır.
147.6. Bu Məcəllənin 147.5-ci maddəsində göstərilən ilk iştirak paylarının dəyəri bilavasitə bölüşdürmədən sonra ilk və bölüşdürülmüş iştirak payları arasında onların bazar dəyərinə mütənasib olaraq bölüşdürülür.
147.7. Hüquqi şəxsin yenidəntəşkili:
147.7.1. iki və daha çox rezident hüquqi şəxsin birləşməsi;
147.7.2. rezident hüquqi şəxsin səsvermə hüququ olan iştirak paylarının 50 və ya daha çox faizinin və bütün digər iştirak paylarının dəyərinin 50 və ya daha çox faizinin yalnız yenidəntəşkilin iştirakçısı olan tərəfin iştirak payları ilə dəyişdirilməsi;
147.7.3. rezident hüquqi şəxsin aktivlərinin 50 və ya daha çox faizinin digər rezident hüquqi şəxs tərəfindən, yalnız yenidəntəşkildə iştirak edən tərəfin dividendlərinə münasibətdə imtiyazlı olmayıb səsvermə hüququ olan iştirak paylarına dəyişdirilməsi üçün əldə edilməsi;
147.7.4. rezident hüquqi şəxsin iki və ya daha çox rezident hüquqi şəxsə ayrılması;
147.7.5. ayırma yolu ilə yeni şəxs yaradılması;
147.7.6. müəssisədə iştirak paylarının azı 50 faizinin sahibi olan hüquqi şəxs tərəfindən öz iştirak paylarının hamısının bu hüquqi şəxsin iştirakçılarına paylanması deməkdir.
Bu Məcəllənin 147.7.1. - 147.7.6-cı maddələrinin müddəaları o şərtlə tətbiq olunur ki, birləşmənin, əldəetmənin, birləşdirmənin, ayrılmanın və ya ayırma yolu ilə yeni şəxs yaradılmasının əsas məqsədinin vergilərdən yayınma olmadığı vergi orqanı tərəfindən təsdiq edilmiş olsun.
147.8. Yenidəntəşkilin bilavasitə iştirakçısı olan hər hansı rezident hüquqi şəxs və yenidəntəşkilin bilavasitə iştirakçısı olan rezident hüquqi şəxsin sahibi olan, yaxud bu cür şəxsə mənsub olan hər hansı hüquqi şəxs yenidəntəşkilin iştirakçısı sayılır.
147.9. Bu Məcəllənin 147.8-ci maddəsinin məqsədləri üçün hüquqi şəxsin sahibi hüquqi şəxsdə səsvermə hüququ olan iştirak paylarının 50 və ya daha çox faizinin, yaxud iştirak paylarının hamısının dəyərinin 50 və ya daha çox faizinin sahibi sayılır.
147.10. Çıxarılmışdır.
Dostları ilə paylaş: |