Maddə 48. Vergi yoxlamasının həyata keçirilməsi üzrə hərəkətlərin icraatı zamanı tərtib edilən protokola dair ümumi tələblər
48.1. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda vergi yoxlamasının keçirilməsi zamanı protokollar tərtib edilir. Protokollar Azərbaycan dilində tərtib edilir.
48.2. Protokolda aşağıdakılar göstərilir:
48.2.1. protokolun adı;
48.2.2. konkret hərəkətlərin həyata keçirilməsinin yeri və tarixi;
48.2.3. hərəkətin başlanması və bitirilməsinin vaxtı;
48.2.4. protokolu tərtib etmiş şəxsin vəzifəsi, adı;
48.2.5. hərəkətin həyata keçirilməsində iştirak edən və ya onun həyata keçirilməsini müşahidə edən şəxsin adı, lazım olduqda - onun ünvanı, vətəndaşlığı, Azərbaycan dilində danışa bilib-bilməməsi;
48.2.6. hərəkətin məzmunu, onun həyata keçirilməsinin ardıcıllığı;
48.2.7. hərəkətin həyata keçirilməsi zamanı aşkar olunan və iş üçün əhəmiyyətli olan faktlar və hallar;
48.2.8. bu Məcəlləyə uyğun olaraq əşyalar nümunə kimi götürüldükdə protokolda əşyaların miqdarı, həcmi və digər xüsusi əlamətləri göstərilməlidir.
48.3. Protokol hərəkətin həyata keçirilməsində iştirak edən bütün şəxslər tərəfindən oxunur. Həmin şəxslərin protokola daxil edilməli olan və ya işə tikilməli olan qeydlər etmək hüququ vardır.
48.4. Protokol onu tərtib etmiş vergi orqanının vəzifəli şəxsi, habelə hərəkətin həyata keçirilməsində iştirak edən bütün şəxslər tərəfindən imzalanır.
Dostları ilə paylaş: |