Maddə 206. İkiqat sığorta
206.1. Sığorta obyektinin bir neçə sığortaçıda sığortalanması nəticəsində sığorta məbləğlərinin ümumi cəmi onun sığorta dəyərindən artıq olduğu halda (ikiqat sığorta), bütün sığortaçılar yalnız sığorta dəyəri miqdarında məsuliyyət daşıyırlar. Belə halda hər bir sığortaçı özünün bağladığı müqaviləyə müvafiq sığorta məbləğinin bütün bağlanmış müqavilələr üzrə ümumi sığorta məbləğinə olan nisbətinə mütənasib olan miqdarında məsuliyyət daşıyır.
206.2. Əgər gəmi sahibinin bir məsuliyyəti bir neçə sığortaçıda sığorta edilibsə (ikiqat sığorta), hər bir sığortaçı özünün bağladığı müqavilədə müəyyənləşdirilmiş məsuliyyətinə müvafiq olan miqdarda məsuliyyət daşıyır.
Maddə 207. Dəniz sığorta müqaviləsi bağlananadək zərərin yaranması və ya olmaması
207.1. Dəniz sığorta müqaviləsi bağlananadək əvəzi ödənilməli olan zərərin yaranma ehtimalı keçibsə və ya bu zərər artıq yaranıbsa, müqavilə qüvvəsini saxlayır. Əgər sığortaçı müqaviləni bağlayarkən sığorta hadisəsinin baş vermə mümkünlüyünün istisna olduğunu bilirsə və ya bilməli idisə, yaxud sığortalı və ya faydalanan şəxs artıq yaranmış zərər barədə bilirsə və ya bilməli idisə, sığorta müqaviləsi belə hallar barədə məlumatı olmayan tərəf üçün məcburi deyil.
207.2. Dəniz sığorta müqaviləsinin icra olunması sığortaçı üçün məcburi olmayan halda da sığorta haqqı ona çatır.
Dostları ilə paylaş: |