Maddə 215. Ümumi qəza üzrə ödənişlərin təminatı
Sığortaçı sığortalının və ya faydalanan şəxsin tələbi ilə sığorta məbləği miqdarında sığorta şərtləri ilə təmin edilən ümumi qəza üzrə ödənişlərin verilməsinə təminat təqdim etməlidir.
Maddə 216. Dispaşa tərtib edildikdə sığortaçının maraqlarının qorunması
Ümumi qəza üzrə dispaşa tərtib edildikdə sığortalı sığortaçının maraqlarını qorumalıdır.
Maddə 217. Sığortalının çəkdiyi xərclərin əvəzinin ödənilməsi
217.1. Sığortaçı sığortalının və ya faydalanan şəxsin aşağıda göstərilənlər üçün çəkdiyi zəruri xərclərin əvəzini ödəməyə borcludur:
217.1.1. sığortaçının məsuliyyət daşıdığı zərərin qarşısını almaq və ya azaltmaq məqsədi ilə sığortalı və ya faydalanan şəxs tərəfindən görülən tədbirlərə — hətta belə tədbirlər uğursuzluqla nəticələnsə də;
217.1.2. bu Məcəllənin 214-cü maddəsinə uyğun olaraq sığortaçının göstərişlərinin icra edilməsinə;
217.1.3. sığortaçı tərəfindən əvəzi ödənilməli olan zərərin miqdarının aydınlaşdırılmasına və müəyyənləşdirilməsinə;
217.1.4. ümumi qəza üzrə dispaşanın tərtib edilməsinə.
217.2. Bu Məcəllənin 217.1-ci maddəsində nəzərdə tutulmuş xərclər sığorta məbləğinin sığorta dəyərinə olan nisbətinə mütənasib surətdə ödənilir.
Dostları ilə paylaş: |