Maddə 254. Məsuliyyətin məhdudlaşdırılması fondu
254.1. Gəmi mülkiyyətçisi çirkləndirmədən vurulan zərərə görə bu Məcəllənin 253.1-ci maddəsinə müvafiq olaraq məsuliyyətini məhdudlaşdırmaq məqsədi ilə çirkləndirmədən vurulan zərərin əvəzinin ödənilməsinə dair ona qarşı iddianın verildiyi məhkəmədə, yaxud belə iddia verilmədikdə, onun verilə biləcəyi məhkəmədə gəmi mülkiyyətçisinin məsuliyyətinin həddinə bərabər olan məbləğdə məsuliyyətinin məhdudlaşdırılması fondunu yaratmalıdır. Belə fond məhkəmənin depozitinə məbləğin köçürülməsi vasitəsi ilə və ya məqbul olan bank və ya digər maliyyə təminatının təqdim edilməsi yolu ilə yaradıla bilər.
254.2. Gəmi mülkiyyətçisinin çirkləndirmədən vurulan zərərin qarşısını almaq və ya azaltmaq məqsədi ilə çəkdiyi ağlabatan və könüllü xərclər və itirdiyi əmlak ona məsuliyyətin məhdudlaşdırılması fonduna münasibətdə digər kreditorların hüquqları ilə bərabər hüquqlar verir.
254.3. Bu Məcəllənin 254.1-ci maddəsinə müvafiq yaradılan məsuliyyətin məhdudlaşdırılması fonduna bu Məcəllənin 284-cü maddəsində müəyyən edilmiş məsuliyyətin məhdudlaşdırılması fondunun bölüşdürülməsi qaydaları şamil edilir.
254.4. Gəmi mülkiyyətçisi hadisədən sonra məsuliyyətin məhdudlaşdırılması fondunu yaratdığı və məsuliyyətinin məhdudlaşdırılmasına hüququ olduğu halda:
254.4.1. bu hadisə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edən heç bir şəxsin belə tələbin gəmi sahibinin digər əmlakının hesabına ödənilməsinə hüququ yoxdur;
254.4.2. məhkəmə bu hadisə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsinə dair tələb üzrə həbs qoyulmuş gəminin və ya gəmi mülkiyyətçisinə məxsus olan digər əmlakın azad edilməsi barədə qərar qəbul edir, həmçinin belə həbs qoyulmasının qarşısını almaq üçün verilən hər hansı bir girovu və ya digər təminatı azad edir.
254.5. Bu Məcəllənin 254.4-cü maddəsində müəyyən edilmiş qaydalar çirkləndirmədən vurulan zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin məsuliyyətin məhdudlaşdırılması fonduna sərəncam verən məhkəmədə müdafiəyə hüququ olduğu halda tətbiq edilir.
Dostları ilə paylaş: |