Maddə 257.Çirkləndirmədən vurulan zərərin əvəzinin ödənilməsi haqqında iddia
257.1. Çirkləndirmədən vurulan zərərin əvəzinin ödənilməsi haqqında iddia gəminin mülkiyyətçisinə yalnız bu fəsildə müəyyən edilmiş qaydalara uyğun olaraq verilə bilər.
257.2. Bu Məcəllənin 257.3-cü maddəsində müəyyənləşdirilmiş qaydaya riayət etmək şərti ilə çirkləndirmədən vurulan zərərin əvəzinin ödənilməsi haqqında iddia bu fəslin qaydaları əsasında aşağıda göstərilən şəxslərə qarşı verilə bilməz:
257.2.1. gəmi mülkiyyətçisinin işçilərinə, o cümlədən gəmi heyətinin üzvlərinə və ya gəmi agentinə;
257.2.2. dəniz bələdçisinə və ya gəmi heyətinin üzvü olmayıb gəmidə iş icra edən hər hansı bir digər şəxsə;
257.2.3. hər hansı bir fraxtedənə, o cümlədən berbout-çarter üzrə fraxtedənə və vəkalətli idarə edənə;
257.2.4. gəmi mülkiyyətçisinin razılığı və ya səlahiyyətli hakimiyyət orqanlarının göstərişi əsasında xilasetmə əməliyyatlarını həyata keçirən hər hansı bir şəxsə;
257.2.5. zərərin qarşısını almaq məqsədi ilə tədbirlər görən hər hansı bir şəxsə;
257.2.6. bu Məcəllənin 257.2.3-257.2.5-ci maddələrində göstərilmiş şəxslərin işçilərinə və ya gəmi agentinə, əgər çirkləndirmədən zərərin vurulması onların etdikləri hərəkətlər qəsdən və ya kobud ehtiyatsızlığın və ya hərəkətsizliyin nəticəsi deyilsə.
257.3. Bu fəsildə müəyyən edilmiş qaydalar gəmi mülkiyyətçisinin üçüncü şəxslərə qarşı reqress hüququna toxunmur.
257.4. Çirkləndirmədən vurulan zərərin əvəzinin ödənilməsi haqqında iddia bilavasitə sığortaçıya və ya gəmi mülkiyyətçisinin məsuliyyətinə maliyyə təminatı vermiş digər şəxsə qarşı irəli sürülə bilər. Cavabdeh bütün hallarda gəmi mülkiyyətçisinin ikinci cavabdeh qismində işə cəlb olunmasını tələb edə bilər.
Dostları ilə paylaş: |